Menu

5 gün sonra ölkədə internet kəskin bahalaşdırılır – Ekspert hökumətə müraciət etdi

10.08.2024, 20:54
5 gün sonra ölkədə internet kəskin bahalaşdırılır – Ekspert hökumətə müraciət etdi

“Aztelekom” və “Baktelecom” 15 avqustdan başlayaraq indiyədək mövcud olan minimal tarifləri 40% qaldıracaq. İndiyədək minimal tariflər 15-18 manat (40 Mbit/s) olub.

“AzPolitika” xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu qərarı tənqid edib və təkliflərlə çıxış edib.

Ekspert xatırladır ki, dövlət operatorları bütün ölkə boyu infrastruktur qurulandan sonra ölkənin ən ucqarlarına, 30 ildə internet olmayan ərazilərə də keyfiyyətli internet çəkib.

“Amma dərhal da qiymətləri qaldıracaqlarını, minimal 25 manatdan 100 Mb/s verəcəklərini bildiriblər”, - o, əlavə edib: “Təsəvvür edin, uzaq rayonun, uzaq bir kəndində, gündəlik ruzisini güclə çatdrıan, sahibkarlıqla və fermerliklə məşğul olmayan, internetdən bəlkə də, şəhərlərdə təhsil alan övladı ilə əlaqə saxlamaq, yaxud da dövlət xidmətlərini almaq üçün istifadə edə biləcək birisinə 100 Mbit/s sürət təklif edəcəklər.

İndi bu yazıq kəndli onun inkişafına və kommunikasiyasına müəyyən kömək ola biləcək internet üçün 25 manatı necə tapacaq, haradan çıxaracaq, nə qədər süd-şor, nə qədər pomidor-xiyar satmalıdır ki, ona gərəkli olmayan bu internet sürət üçün ödəniş etsin”.

Osman Gündüz daha sonra “Aztelekom” və “Baktelecom”-un indiki tariflərə necə gəlib çıxdığı göstərmək üçün əvvəlki illərdəki satış qiymətlərinə nəzər salıb:

2022-ci ilədək olan dövr

4 Mb/s - 10 manat

10 Mb/s - 12.5 manat

2022-ci il:

15 Mbit/s - 15 manat

30 Mb/s - 18 manat

2023-cü il:

40 Mbit/s – 18 manat

2024, 15 avqust

100 Mbit/s - 25 manat (elan ediblər)

Ekspert daha sonra hökumətə verdiyi təklifləri açıqlayıb: “Əlbəttə, biz RİNN tərəfindən, şəxsən nazir Rəşad Nəbiyevin səyləri ilə ölkə üzrə keyfiyyətli internetə əlçatanlıq istiqamətində nəhəng işlərin görülməsini təqdir edirik. Hətta bu günlərdə mən bir toplantıda Prezident Adminsitrasiyası nümayəndəsindən xahiş etmişdim ki 30 ildə reallaşmayan bir işi daxili resurslarla görə bilən bir qurumun rəhbərinə bir orden də verək. Amma Nazirliyin operatorlarının indiki atdığı addımlar, infrastruktur qurulan anda ağına-bozuna baxmadan, tələbata baxmadan, hansısa dünya reytinqində irəliləmək xatirinə tarif siyasəti tətbiq etmək sadəcə ağlasığmazdır. Cənablar, bu, heç bir halda doğru yanaşma deyil!

Xatırladıram ki, rəsmi statistikaya görə də ölkə əhalisinn təxminən yarısı kəndlərdə yaşayır. Biz bir daha hökumətə müraciət edirik.

Əgər ölkədə vergi siyasəti regionları nəzərə almaqla tətbiq edilirsə, onda gəlin internet bağlantısı üçün də bu prinsipi tətbiq edək. İmkan verək ki, kəndlərdə yaşayanlar kütləvi olaraq internetdən imtina etməsinlər.

Əgər biz istəyiriksə rəqəmsal transformasiya olsun, hökumət min əziyyətlə rəqəmsallaşdırdığı xidmətləri kəndlərdəkilər də rahat əldə etsin, nəhayət regionlar da inkişaf etsin, onda gəlin heç olmasa bir müddət kəndlərdə minimal internet tariflərinə toxunmayaq.

Yəni kəndlərdə yaşayanlar üçün, yenicə keyfiyyətli internetə əlçatanlıq qazananlar üçün elə əvvəlki qaydada, bəlli bir dövr üçün 40 Mbit/s - 18 manat saxlanılsın”.

O.Gündüz ümid edir ki, nəhəng Antiinhisar və İKTA bəlkə inhisarçıları yerində oturda, heç olmasa bu təkliflərə diqqət yetirə bilər.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2024-08-11 00:10:27

Respublikamızda ən ucuz olmalı olan iki şey var:balıq və internet.Balıq dənizdən,çaydan hazır halda gəlir,internet də havadan,səmadan,peykdən.Balığı yetişdirmirik,böyütmürük,əziyyətini çəkmirik,yemini-suyunu vermirik,Allah sularda yetişdirir,biz də onu hazır halda tutub qoyun ətindən də baha satırıq ac millətə. İnternet də eləcə.Yumşaq və fırlanan kreslolarda çiçi kostyumlarda,qalstuklarda oturub çaydan-kofedən içib jele sürtdüyümüz saçlarımızı sığallaya-sığallay aparatların düyməsini basırıq,amma gün-gündən bahalaşdırırıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol