Ukraynanın bir neçə gündür davam edən Kursk əməliyyatı Kremlin qatı təbliğatçılarını da şok vəziyyətinə salıb.
“AzPolitika” xəbər verir ki, Rusiya kanallarının tez-tez qonağı olan və öz absurd, isterik açıqlamaları ilə tanınan Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general Andrey Qurulyov özünün “teleqram” kanalında ölkənin hərbi-siyasi rəhbərliyini tənqid edib.
O, yazıb ki, Rusiya hakimiyyətinin Kursk vilayəti yaxınlığında “düşmən qoşunlarının cəmləşməsindən” xəbərsiz olduğuna inanmır.
Qurulyovun sözlərinə görə, o, Kursk vilayətində olub və mina sahələrinin necə qurulduğunu görüb. Lakin qeyd edib ki, “atəş dəstəyi olmadan” bu mina səhələrinin heç bir təsiri olmayacaq: “Bunu(Ukraynanın hücumunu-red.) kim planlaşdırıb? Bunu kim fikirləşib? Bu, ciddi məsələdir. Bu gün bizim xəbərimiz olmadan belə ciddi əməliyyatları planlaşdırmaq mümkün deyil. İnanmıram ki, onlar düşmən qoşunlarının cəmləşməsindən xəbərsiz olsunlar”.
O, qeyd edib ki, əgər Ukraynanın hücum planı ilə bağlı ilkin məlumatlar olubsa, “o zaman biz nə baş verdiyini düşünməliyik”.
Deputat yazıb ki, dövlət sərhədini qoruyan qüvvələrin öz kəşfiyyat vasitələri yoxdur və onların lazım olan hər şeylə təmin olunması çox aşağı səviyyədədir: “Heç kim hesabatlarda həqiqəti bəyənmir. Burada hamı hər şeyin yaxşı olduğunu eşitmək istəyir".
“AzPolitika.info”


Şərhlər