Bir neçə ildir axtarışda olan Serj Sarkisyanın kürəkənini tapa bilməyən hüquq-mühafizə orqanları onun barəsində yeni cinayət işi açıb və yenidən axtarış elan ediblər.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyanın 4 ildir davam edən qeyri-qanuni varlanma, bəyannamədə yalan məlumat vermə, əldə etdiyi əmlakın leqallaşdırılması kimi cinayət əməllərinə 76 epizoddan ibarət daha bir siyahı əlavə edilib.
Belə ki, Minasyana saxtakarlıq, rəqabətə zidd fəaliyyət, vəzifə mövqeyindən istifadə maddələri ilə də ittiham irəli sürülüb.
Onun vəkili media ilə ünsiyyətdən yayınır. Amma Minasyanın əvvəlki ittihamlarla bağlı mövqeyi bəllidir. Vəkil Amram Makinyan bir neçə dəfə yerli mətbuata bildirib ki, təqsirləndirilən şəxs günahını etiraf etmir, ittihamlar saxta və uydurmadır.
2021-ci ilə qədər Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarışda olan Minasyan mütəmadi olaraq hakimiyyəti tənqid edir. 2022-ci ildə İnterpola müraciət edən hüquq-mühafizə orqanlarının əməkdaşları mediadan öyrəniblər ki, təşkilat ağır cinayətlərdə ittiham olunan Minasyanın axtarışını dayandırıb. Buna səbəb isə Minasyanın özünün İnterpola müraciəti olub. Bundan sonra prokurorluq axtarışın dayandırılması üçün əsasların müəyyən edilməsi ilə bağlı araşdırmalara başlanılıb.
“AzPolitika.info”


Şərhlər