Menu

Ermənistan Rusiyaya yeni səfir göndərir - Qurgen Arsenyan kimdir?

15.08.2024, 13:45
Ermənistan Rusiyaya yeni səfir göndərir - Qurgen Arsenyan kimdir?

Bu gün Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Qurgen Arsenyanı Rusiyaya səfir təyin edib.

“AzPolitika” xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın fraksiyasından olan keçmiş deputat Qurgen Arsenyan Ermənistanın Rusiyadakı diplomatik missiyasının rəhbəri vəzifəsində Vaqarşak Arutyunyanı əvəz edəcək.

Əslində, hələ ötən ilin sonlarından başlayaraq, Paşinyanın Rusiyadakı səfiri dəyişmək istədiyi barədə məlumatlar yayılırdı. Xüsusilə də səfir V.Arutyunyanın Belqoroda səfər edərək, Rusiyaya və yerli əhaliyə dəstək mesajları verməsi Paşinyanı qətiyyən qane etməmişdi.

Yeni səfir isə daha çox iş adamı kimi tanınır. Bu posta qədər bir neçə partiya dəyişmiş Arsenyan uzun müddət parlament üzvü olmaqla yanaşı, Moskvada da biznesə malik olub. Arsenyan 1959-cu ildə İrəvanda doğulub, 1980-ci ildə İrəvan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib. 1990-1994-cü illərdə indi Serj Sarqsyanın başçılıq etdiyi Ermənistan Respublika Partiyasının, 1991-1992-ci illərdə onun siyasi şurasının üzvü olub. 2000-2003-cü illərdə parlament üzvü olan Arsenyan 2002-ci ilin sentyabrında Birləşmiş İşçi Partiyasını yaradıb və ona rəhbərlik edib.

2003-2007-ci illərdə yenə parlamentin deputatı olub. Parlamentin xarici əlaqələr daimi komissiyasının üzvü, MDB PA-nın hüquq məsələləri üzrə komissiyasının sədr müavini, AŞPA-nın siyasi məsələlər komissiyasının üzvü olub. 2007-ci ildə seçkini uduzub və parlamentə düşə bilməyib.

2012-2017-ci illərdə "Çiçəklənən Ermənistan" partiyasının siyahısı ilə yenidən deputat seçilib. 2021-2024-cü illərdə isə bu dəfə Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat olub. 2024-cü il avqustun 6-da deputatlıqdan istefa verib. Bundan əvvəl, hələ 2023-cü il oktyabrın 24-də Arsenyan Paşinyanın onun Rusiyadakı səfir vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlamışdı.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol