Ukraynanın Kursk vilayətində başlatdığı gözlənilməz hücum əməliyyatı davam edir.
Xəbər verildiyi kimi, vilayətdəki Rusiya qoşunlarının maddi-texniki təchizatı üçün vacib rol oynayan Seym çayı üzərindəki körpü dünən Ukrayna qüvvələri tərəfindən raket zərbəsilə dağıdılıb. Bu barədə Rusiya “Z kanalları” və Ukrayna mənbələri məlumat verib. Həmçinin, dağıdılmış körpünün fotoları yayımlanıb.
Fotonu dərc edən Rusiyanın hökumətyönlü “Mash” teleqram kanalı bildirib ki, bundan sonra Kurskun Qluşkovski rayonunun bir hissəsi ilə əlaqə kəsilib. Kanal iddia edir ki, Ukrayna Silahlı Qüvvələri körpüyə bir neçə “HİMARS” raketi atıb. Qeyd olunur ki, zərbə zamanı Kursk administrasiyasının 3 əməkdaşı körpüdən keçirmiş. Onlardan yalnız biri sağ qalıb.
Kursk vilayəti başçısının müşaviri, “Z-bloqer” Roman Alyoxin də körpünün dağıdılmasından yazıb. Onun qeyd etdiyinə görə, Ukrayna Silahlı Qüvvələri “Qluşkovski rayonunun Seym çayı boyunca bir hissəsinin ələ keçirilməsinə başlayıb”.
Beləliklə, ruslar üçün həm təminat, həm də əks-hücum hazırlamaq üçün getdikcə daha narahat logistika marşrutları qalır. Qeyd olunur ki, bu çay üzərində daha iki körpü var. Lakin onlar xeyli uzaqdadırlar və bu körpülərin də Ukrayna tərəfindən vurulacağı gözlənilir.
Tanınmış ukraynalı hərbi ekspert Aleksandr Kovalenko Seym çayı üzərindəki körpünün dağıdılmasını şərh edərkən yazıb ki, bununla da Kurskun Qluşkovski rayonundakı rus qruplaşması tamamilə təminat xəttindən kəsilərək darmadağın edilə bilər: “İstər-istəməz Qluşkovski rayonu “sanitar zonaya” çevrilir. Bu, Seym çayı boyunca əlavə 250 kvadrat kilometr deməkdir”.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər