Menu

Almaniya Ukraynaya maliyyə yardımını dayandırdı – Büdcə layihəsinə salınmayıb

18.08.2024, 00:10
Almaniya Ukraynaya maliyyə yardımını dayandırdı – Büdcə layihəsinə salınmayıb

Yeni büdcə planının qəbulundan sonra Almaniya hökuməti iqtisadi səbəblərə görə Ukraynaya yardım üçün əlavə vəsait ayırmayacaq.

“AzPolitika” xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Sonntagszeitung” qəzeti sənədlərə və mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, bundan sonra artıq təsdiqlənmiş silah tədarükü həyata keçiriləcək, yeni sifarişlər üçün icazə verilməyəcək. Bunu maliyyə naziri Kristian Lindner avqustun 5-də müdafiə naziri Boris Pistorius və xarici işlər naziri Annalena Barboka göndərdiyi məktubda bildirib.

Məktubda bildirilir ki, yeni yardım yalnız o halda ayrılmalıdır ki, onun maliyyələşdirilməsi cari və gələcək illərin büdcə planlarında təmin olunsun. Bu vəziyyətdə, maksimum hədlərə hörmət etmək lazım olacaq.

Ukraynanın hərbi ehtiyacları qarşılamaq üçün büdcədən vəsaitin bloklanması artıq qüvvəyə minib. Bu, IRIS-T tipli hava hücumundan müdafiə sisteminin artıq vəd edilmiş çatdırılmasının maliyyələşdirilməməsinə səbəb ola bilər.

Müdafiə siyasəti üzrə ekspert Andreas Şvars qəzetə deyib ki, hazırda Ukrayna üçün yeni sifarişlər maliyyələşdirilməyəcək. Bundestaqın müxalif CDU partiyasından büdcə eksperti İnqo Qaedechens də Ukraynaya yardımın məhdudlaşdırıldığını təsdiqləyib.

“Bu gündən etibarən Olaf Scholz və onun rəhbərlik etdiyi koalisiya hökuməti Ukraynaya maliyyə və bununla da hərbi dəstəyi dondurur”, - o, nəşrə deyib.

KİV-in məlumatına görə, maliyyə naziri Kristian Lindner Ukraynaya silah tədarükünün dərhal dayandırılacağını gözləmir. Almaniya büdcəsi əvəzinə, dondurulmuş Rusiya aktivlərindən əldə edilən mənfəətdən vəsait ayrılacaq.

ABŞ hökumətinin məlumatına görə, Qərb ölkələrində təxminən 280 milyard dollar dondurulub ki, bunun da 210 milyardı Avropa İttifaqındadır. İyun ayında keçirilən G7 sammitində Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Ukraynaya 50 milyard dollar kredit ayrılması qərara alınıb. G7 qərarının nə vaxt tam icra olunacağı hələlik bəlli olmasa da, Aİ artıq iyul ayında Ukraynaya bir milyard yarım avro məbləğində birinci tranşı köçürüb.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgiy Tixi Almaniya mətbuatının xəbərlərini yanlış adlandırıb. Tixi qeyd edib ki, Almaniyada büdcə müzakirələri davam edir. Noyabrda təsdiqlənəcək və bundan sonra Kiyevə yardımın həcmi bəlli olacaq. “İndi Almaniya hökuməti ötən il olduğu kimi, büdcə layihəsində də Ukraynaya müəyyən məbləğdə yardım planlaşdırıb, payızda büdcənin qəbulu mərhələsi həyata keçiriləcək”, – Tixiy vurğulayıb. 

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol