Menu

Alman kəşfiyyatınıln eks rəhbəri ortalığı qarışdırdı – Məxfi əməliyyatı iki prezident razılaşdırıb?

19.08.2024, 12:15
Alman kəşfiyyatınıln eks rəhbəri ortalığı qarışdırdı – Məxfi əməliyyatı iki prezident razılaşdırıb?

Polşa Prezidentinə yaxın olan şəxslər 2022-ci ilin sentyabrında Rusiyanın “Şimal axını” qaz kəmərində təxribatın planlaşdırılması və həyata keçirilməsinin arxasında Varşavanın dəstəyi ilə Ukrayna hakimiyyətinin dayandığına dair məlumatları əsassız fərziyyələr adlandırıblar.

Almaniya kəşfiyyatının keçmiş rəhbəri August Hanning ötən həftə “Die Welt” qəzetinə verdiyi açıqlamada hücumu həyata keçirmək üçün Polşa və Ukrayna prezidentləri arasında razılaşmaların olduğuna inandığını bildirib.

Polşa Prezidenti Anjey Dudanın ofisində beynəlxalq siyasət departamentinin rəhbəri Mieszko Pawlak Polşa televiziyasına müsahibəsində “Hanninqin dedikləri tamamilə əsassız təlqinlərdir” deyib. O, həmçinin bildirib ki, Avqust Hanninq Gerhard Şröderin vaxtında bu vəzifəni tutub və “Şimal axını 1”in yenicə işləndiyi zamanlarda kəşfiyyat orqanlarında çalışıb. “Kəşfiyyatın rəhbəri kimi o, şübhəsiz ki, sərmayə qoyuluşunda biabırçı və mühüm rol oynayıb”, – deyə Prezident Dudanın köməkçisi əlavə edib.

Bu həftənin əvvəlində alman mediası xəbər vermişdi ki, alman prokurorları ukraynalı dalğıc təlimatçısını Rusiya boru kəmərində təxribat törətməkdə əsas şübhəli kimi müəyyən edib və onun Polşada həbsinə order verib. “Reuters” agentliyi Polşa prokurorluğuna istinadla yazır ki, Varşava order alıb, lakin Almaniya onun adını axtarışda olan şəxslərin məlumat bazasına daxil etmədiyi üçün şübhəli ölkəni tərk edib.

Polşanın Baş naziri Donald Tusk şənbə günü X sosial şəbəkəsində yazıb ki, “Şimal axınının bütün təşəbbüskarları və himayədarlarının bu gün etməli olduğu yeganə şey üzr istəmək və susmaqdır”. Tusk Polşaya qarşı ittihamları birbaşa şərh etməyib.

Amerikanın “The Wall Street Journal” qəzeti də keçən həftə yazmışdı ki, “Şimal axını”nda təxribat iş adamları tərəfindən maliyyələşdirilib və əməliyyatın özünə birbaşa olaraq yüksək rütbəli ukraynalı general rəhbərlik edib. O dövrdə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı idi.

Ukrayna hakimiyyəti təxribatda iştirakını inkar edir. Hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri olan general Zalujnı SMS mesajında belə bir əməliyyatdan xəbəri olmadığını və bunun əksini göstərən hər hansı fikrin “sadəcə təxribat” olduğunu bildirib.

Baltik dənizinin dibi ilə Almaniyaya gedən boru kəməri Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlamazdan əvvəl Rusiya qazının Avropaya nəqli üçün əsas marşrut hesab olunurdu.

2022-ci il sentyabrın sonunda “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin dörd xəttindən üçü zədələnib. Magistral kəməri bərpa etmək mümkün deyil. İsveç, Danimarka və Almaniyadan aparılan araşdırmalar göstərib ki, qaz kəmərləri partladılıb, lakin günahkarlar hələ də müəyyən edilir. Rusiya istintaqda iştirak etmir. Moskva baş verənlərə görə ABŞ və müttəfiqlərini məsuliyyət daşıdığını bəyan edib.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol