Menu

"Bu namizədin platforması belə qanun pozuntusundan başqa bir şey deyil" - Rəqibindən Ağalar Vəliyevə ittihamlar

20.08.2024, 22:40
"Bu namizədin platforması belə qanun pozuntusundan başqa bir şey deyil" - Rəqibindən Ağalar Vəliyevə ittihamlar

"Parlament seçkiləri hələ başlamayıb, amma Xaçmaz rayonunda Ağalar Vəliyevin saxtakarlıq və qanunazidd hərəkətlərinin ardı-arası kəsilmir."

Bu barədə "AzPolitika"ya 57 saylı Xaçmaz Şəhər Seçki Dairəsindən deputatlığa namizəd Samid Seyidov bildirib.

Samid Seyidovun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının (YAP) bu dairədən deputatlığa namizədi Ağalar Vəliyev dövlət qurumlarının yardım və gücündən istifadə edərək seçicilərə təzyiq edir:

"Əslən Yevlaxlı, ləqəbi də "susan deputat" olan Ağalar Vəliyev təbliğat, təşviqat kampaniyası zamanı açıq-aşkar ciddi pozuntulara imza atır. Belə ki, dövlət qurumlarının yardımından istifadə edərək onun görüşlərinə büdcədən maliyyələşən idarələrin işçilərini adlı siyahı ilə məcburi qaydada cəlb edirlər. Bu azmış kimi Xaçmaz rayon Təhsil Şöbəsi birbaşa bütün direktor və müəllimlərə tapşırıq verib ki, hər kəs Ağalar Vəliyevə səs verəcək. İnsanları toplu şəkildə avtobuslara mindirib görüşlərə aparmaqdan əlavə, Ağalar Vəliyevə səs vermək üçün onbaşı, yüzbaşı və minbaşı kimi titullu insanları ödəniş əsasında cəlb edirlər ki, seçkiyə adam gətirsinlər. 

Namizəd olduğu halda şəhid ailəsi ilə görüşə gedəndə isə Xaçmaz rayon Rəşid Behbudov küçəsindəki obyektləri bağladırlar ki, bəs deputat gələcək tez bağlayıb çıxın. Ağalar Vəliyev namizəd olduğu halda indidən xalqın qapısını bağlayırsa, sabah bu adam Xaçmazda nələr edəcək, ağıla da gəlməz. "

Namizəd Samid Seyidov sözlərinə görə, təbliğat zamanı pul vəd vermə, hədiyyə vəd vermə qadağan olunsa da, Ağalar Vəliyev bütün qanunsuz təsir vasitələrindən istifadə edir:

"Bütün bunlardan əlavə, uzun ilərdir siyasətin içində olan bu insanın platforması belə qanun pozuntusundan başqa bir şey deyil. Qanunvericiliyə əsasən, təbliğat zamanı pul vəd vermə, hədiyyə vəd vermə qadağan olunsa da, Ağalar Vəliyev hər yerdə açıq-aydın deyir ki, mən seçilsəm, qazi və şəhid ailələrini həccə göndərəcəm, ehsan verəcəm, ildə dörd dəfə evlərinə bayram sovqatı göndərəcəm. Real bir həll yolu olmayan bu insan şəhid və qazilər üzərində reklam kampaniyası qurmaqdan başqa bir şey fikirləşə bilmir. Xaçmazın əhali sayı 200.000 nəfərdir. Bu adamın Xaçmazın gələcəyi, əhalinin güzəranı ilə bağlı planı yoxdur.

Hətta görüşlərə də Goranboydan bir avtobus adam tutub gətirib ki, baxın mən bunları ziyarətlərə göndərmişəm, bunlara hər il sovqat vermişəm. Qazilərə 300, şəhid ailələrinə isə 500 AZN dəyərində birdəfəlik maddi yardım da söz verir. Bu pozuntu deyil, bəs nədir? Hər yerdə prezidentin adından istifadə edib sonra da bu pozuntuları etmək nə deməkdir axı?"

Samid Seyidov açıqlamasında Ağalar Vəliyevi debata çağırıb: "Sosial şəbəkələr vasitəsilə xalqın gözü önündə müzakirəyə səsləyirəm. Görək, 15 il deputat olub 15 dəqiqə xalq üçün danışmayan Ağalar Vəliyev debata gələcək, ya yox?"

"AzPolitika"

Şərhlər

Teymur 2024-08-21 20:24:44

Bize samid mellim lazimdi agalar yox!!!!!!!!!!

Senan 2024-08-21 08:01:28

O deyir,qulaq asan eṣidən və ağlı baṣında olan niyə inanır?

Moshu 2024-08-21 07:34:08

Azpolitikanın səhifəsində bu qədər yazılar, şərhlər verilir. Görəsən iqtidar nümayəndələrindən kimsə bu narazılıqları, problemləri görürmü, görürsə ölkə başçısının diqqətinə çatdırırmı? Ölkə başçısının başı daha qlobal problemlərə qarışıb, onun etibar etdiyi adamlar daha şox Ramiz Mehdiyevin qulluğunda durublar, çünki kadrların əksəriyyəti onun davamçılarıdırlar. Vaxt gələcək, İNŞƏALLAH özünüz bunun şahidi olacaqsınız. Hazırda Milli Məçlisə “seçkilərə” adlanan layihəyə Milli Məclisə deputat təyinatı adı qoyulsa daha düzgün olardı. Bu müstəqillik dövründə hələ belə mürtəce “seçki” görməmişəm. Kim görübsə şərhdə yazsın. Növbəti davamını vaxtı ilə yazdığım şərhi bir daha təkrar edirəm.
Nə qədər ki, YAP-ın barmağı SEÇKİNİN bir yerindədir, günümüz qara olmaqda davam edəcək, yəni “ağ günümüz” daha da ağaracaq. YAP-ın Parlamentdə öz üstünlüyünü təmin etməsi başa düşüləndir, lakin koru aparıb gözü görməyən yerdə oturdulması başa düşülən deyil, məntiqsiz bir şeydir. Bu mənim qohumumdur, bu itimin dayısı oğludur, ya qızıdır. Əzizlərim, bu Şərq mentalitetindən əl çəkməliyik. Hamının lağ elədiyi İranda keçirilən Prezident seçkilərində türk əsilli Məsud Pezeşkianın qutudan qalib çıxması hamımıza dərs olmalıdır. İranı geridə qalmış bir fars dövləti kimi tanıyırıq. Lakin tarix, təcrübə göstərdi ki, bu İran demokratiyasının təntənəsidir. Gənclərə, bitərəf, ölkənin mənafeyini uca tutan demokratik ruhlu insanlarımıza yol açılmalıdır. Nəhayət ki, Azərbaycanımızın 30 illik mürtəce təcrübəsinə qon qoyulmalıdır, YAP barmağını hər deşiyə soxmamalıdır. Fəzail Ağamalı vaxtı ilə plenar iclasların birində demişdi ki, bu qədər xərc nəyə lazımdır, deputatlar ömürlük seçilsinlər və bununla da bütün problemlər həllini tapsın. Kişinin oğlu düz deyirmiş, yoxsa Məzahir Pənahov özü ağılda komandası ilə ağzı köpüklənə-köpüklənə gündə bir iclas keçirir, bilmirəm özünü aldadır yoxsa başına kül olmuş bizləri. Xalq o qədər də ağılsız deyil, gözü açıq xalqdır, hər şeyi yaxşı görür, sadəcə olaraq onu qoyun yerinə qoyanlara ar olsun deyir. Ən azından Bakılılar demişkən əyibdir. Açığı, bilmirəm Azpolitika bu yazını verəcəkmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol