Menu

Vaşinqtonda Xədicə İsmayıla dəstək aksiyası - VİDEO

09.12.2014, 11:17
Vaşinqtonda Xədicə İsmayıla dəstək aksiyası - VİDEO

Dekabrın 8-də Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında araşdırmaçı jurnalist Xədicə İsmayılın azad edilməsi tələbilə aksiya keçirilib. Təşkilatçı amerikalı foto-jurnalist Amanda Rivkin məqsədlərinin Azərbaycan hökumətindən saxta ittihamla həbs edilən Xədicə İsmayılın dərhal azadlığa buraxılmasını tələb etmək olduğunu deyib.

Vaşinqtonda havanın soyuq olmasın baxmayaraq Azərbaycan səfirliyinin qarşısına toplaşan amerikalılar və azərbaycanlılara Xədicə İsmayılın posteri paylanıb və onun gördüyü işlər barədə qısa fikir mübadiləsi aparılıb. Jurnalistlərin Beynəlxalq Mərkəzindən Patrik Batler Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın bütün dünya üçün yüksək keyfiyyətlərə malik jurnalist olduğunu deyib:

“Xədicə bizimlə Mütəşəkkil Cinayət və Korrupsiya Xəbərçiliyi layihəsində çalışırdı. Biz onun özünü və işini dəstəkləyirik, eləcə də Əliyev hökumətini onu azad etməyə çağırırıq. Çünki onun saxlanmasını ədalətsiz həbs hesab edirik”.

Əllərində “Mətbuat azadlığına hörmət edin!”, “Jurnalistləri təhqir etməyin!” şüarları yazılmış plakatlar qaldıran iştirakçılar daha sonra Azərbaycan hökumətini Xədicə İsmayılı azad etməyə çağıran posterlərə imza ataraq dəstəklərini ifadə ediblər. Aksiyanın sonunda dəstək posterləri Azərbaycan səfirliyinə təqdim edilib.

Xatırladaq ki, Azərbaycan hökuməti ölkədə siyasi məhbus olmadığını bildirir. Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Xədicə İsmayılın konkret cinayət əməlində şübhəli bilindiyini və məhkəmənin qərarı ilə həbs olunduğunu deyib.

Beynəlxalq insan haqları təşkilatları isə Xədicə İsmayılın siyasi motivlərlə həbs edildiyini bildirərək, Azərbaycan hökumətini onu dərhal azad etməyə çağırır. (amerikaninsesi.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol