HƏMAS və Hizbullaha qarşı müharibə davam edəcəyi təqdirdə İsrail ən çox bir il ərzində dağılacaq.
“AzPolitika” xəbər verir ki, bunu İsrailin istefada olan generalı Yitzhak Brik öz məqaləsində bildirib.
O, İsrail müdafiə naziri Yoav Qallantın müharibə boyu verdiyi açıqlamaların çoxunun əsassız olduğunu sübuta yetirdiyini qeyd edib:“Qallant Qəzza şəhərinin qurudan işğalından sonra İsrailin bütün şəhərə və tunellərinə hakim olduğunu və HƏMAS-ın qısa zamanda təslim olacağını söylədi. Xan Yunusun işğalından sonra HƏMAS lideri Yəhya əl -Sinvar tunellərdə idi. O, Sinvarın qaçdığını, adamlarına nəzarəti itirdiyini və bir neçə gün ərzində ələ keçiriləcəyini iddia edirdi. Qallant bu açıqlamaları ilə İsrail xalqını çaşdırdı. Amma o, son vaxtlar bu yuxudan oyanmağa başlayıb. Parlamentin Xarici Əlaqələr və Müdafiə Komitəsində Qəzzada “tam qələbənin” cəfəngiyyat olduğunu bəyan etdi".
Brik məqaləsində Qallantın müharibənin məqsədindən yayındığını, İsrailin Qəzza bataqlığında ilişib qaldığını və müharibənin əsas məqsədinə çatmadan hər gün daha çox əsgər itirdiyini anlamağa başladığını bildirib.
Brik həmçinin Netanyahunun İsrailin təhlükəsizliyi üçün insanlığını, mənəviyyatını, dəyərlərini və məsuliyyət hissini itirdiyini, yalnız onun və ətrafındakıların dəyişməsi ilə İsraili xilas edə biləcəyini qeyd edib.
“AzPolitika.info”


Şərhlər