Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 34-cü ildönümü münasibətilə təbrik məktubu dərc edib.
“AzPolitika” xəbər verir ki, Paşinyan təbrikində Bəyannamə ilə Konstitusiya arasındakı ziddiyyətləri də diqqətə çatdırıb.
“Müstəqillik Bəyannaməsinə istinad 1995-ci ildə Ermənistan Respublikası Konstitusiyasının preambulasında öz yerini tapıb və indi də var. Lakin, müxtəlif şərhlərin əksinə olaraq, bu o demək deyil ki, Müstəqillik Bəyannaməsinin bütün məzmunu Ermənistan Respublikasının Konstitusiyasına daxil edilib və bu iki sənədin məzmunu eynidir”, - Paşinyan bildirib.
Ermənistanın Baş naziri iddia edib ki, Bəyannamənin 5-ci maddəsində Silahlı Qüvvələrin, daxili qoşunların, dövlət və ictimai təhlükəsizlik orqanlarının o vaxtkı Ali Şuraya tabe olduğu göstərilsə də, Ermənistanın hazırkı Konstitusiyasına əsasən, Silahlı Qüvvələrin, polisin, dövlətin və ictimaiyyətin təhlükəsizlik orqanları ölkə parlamentinə tabe deyil. 2015-ci ildə Konstitusiyaya edilən dəyişikliklərə qədər bu orqanlar ölkə prezidentinə, 2018-ci ilin aprelindən sonra isə hökumətə tabe olub.
“Bu, birbaşa və birmənalı şəkildə göstərir ki, Ermənistan Respublikasının Konstitusiyası yalnız Müstəqillik Bəyannaməsinin birbaşa, hərfi və birmənalı ifadə olunan müddəalarını ifadə edir və hər hansı digər şərh doğru deyil”, - Paşinyan bildirib.
Qeyd edək ki, rəsmi Bakı Ermənistanın hazırkı Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad edilməsini sülh sazişinin imzalanmasına əsas maneə hesab edir. Buna səbəb Ermənistanın 23 avqust 1990-cı il tarixli Müstəqillik Bəyannaməsinin bəndlərinin birində ləğv olunmuş DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərarın qeyd olunmasıdır. Azərbaycan müxtəlif səviyyələrdə dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyasının preambulasından Müstəqillik Bəyannaməsinə istinad çıxarılmadan sülh sazişi mümkün deyil.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov bu yaxınlarda Vaşinqtona səfəri zamanı rəsmi Bakının mövqeyini dəqiq ifadə edib. Diplomat qeyd edib ki, sülh sazişi Ermənistan Konstitusiyası dəyişdirilmədən imzalanarsa, Ermənistan Konstitusiya Məhkəməsinin onun ləğvi üçün əsasları olacaq. Çünki, sülh sazişinin prinsiplərinə görə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımalıdır. Bu isə o deməkdir ki, İrəvan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə qarşı heç bir iddia irəli sürə bilməz.
Əmirbəyov həmçinin qeyd edib ki, Ermənistanın hazırkı hökuməti sülh sazişi imzalasa belə, yeni hakimiyyət ölkə Konstitusiyasına zidd olduğunu əsas gətirərək onu ləğv edə bilər.
Ona görə də Ermənistan Konstitusiyasının preambulasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması həm indi, həm də gələcəkdə Ermənistanın Azərbaycana ərazi iddialarının olmamasını təsdiqləmək üçün ilkin şərt kimi irəli sürülüb.
“AzPolitika.info”


Şərhlər