“Avesta” konsernin prezidenti, məşhur iş adamı Hacı İbrahim Nehrəmlinin Xəzər dənizində həyata keçirdiyi çoxfunksiyalı “Khazar Islands” (“Xəzər adaları”) layihəsi haqda ilginc xəbərlər yayılıb. AzNews.az-ın məlumatına görə, layihəyə ayrılan pullar tamamilə dayanıb. Elə buna görə də layihə çərçivəsində çalışan bir çox şirkətlərin rəhbərləri öz işçiləri üçün artıq 2 aydır ki, Hacı İbrahimdən pul ala bilmir.
Adını açıqlamayan mənbə bildirib ki, bu, “Xəzər adaları” layihəsində ilk hal deyil: “Hacı İbrahim dəfələrlə söz versə də, öz sözünə əməl etmir. Biz də işçilərimizə öz cibimizdən maaş veririk. İndi ərazidə çalışan işçilərin də sayı xeyli azalıb. Bunlar təbii ki, maaşla bağlı olan bir məsələdir”.
Məsələ ilə bağlı Hacı İbrahim Nehrəmlidən münasibət öyrənməyə çalışsaq da, buna müyəssər ola bilmədik. Mobil telefonu söndürülən iş adamının hazırda ABŞ-da olduğu və dekabr ayının 14-də Azərbaycana qayıdacağı bildirilir.
Qeyd edək ki, Hacı İbrahim Nehrəmlinin Xəzər dənizində inşa etdiyi “Xəzər adaları” ada-şəhər layihəsinin ümumi dəyəri 100 milyard dollar olduğu açıqlanıb.
Artıq bu layihə üçün Hacı İbrahim öz cibindən 2 milyard manat xərclədiyini deyib.
Xəzər Adaları Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhəridir.
QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…


Şərhlər