Xəbər verildiyi kimi, Ukarynanın Kursk vilayətindəki hərbi əməliyyatı davam edir. Hələlik Rusiya qüvvələri nəinki Ukrayna birləşmələrini vilayətin ərazisindən çıxara, hətta onun irəliləyişinin qarşısını da tam ala bilməyib.
“AzPolitika” xəbər verir ki, müstəqil Rusiya mənbələrinin məlumatına görə, Kreml hazırlıqsız çağırışçı əsgərləri Kursk vilayətinə atır. Məlumata görə, məsələn, Rusiyanın Mari El Respublikasından olan 290-cı raket alayının çağırışçıları Kursk vilayətində döyüşə atılıb. Bu barədə jurnalistlərə çağırışçıların valideynləri məlumat verib.
Mari Eldəki 290-cı raket alayında (93876 saylı hərbi hissə) xidmət edən rusiyalı çağırışçının anası oğlunun müqavilə bağlamağa məcbur edildiyini və Kursk vilayətinə göndərildiyini deyib.
Lakin Kreml bu iddiaları boynundan atır və çağırışçıların döyüş bölgəsinə göndərilməsini inkar edir.
Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu cür xəbərlərin “çox vaxt reallığı əks etdirmədiyini” deyərək, bu barədə suala cavab verməkdən imtina edib.
Xatırladaq ki, Putin hələ müharibənin ilk günlərindən çağırışçı əsgərləri döyüş bölgələrinə göndərməyəcəyini vəd etmişdi. Onu da xatırladaq ki, bir neçə gün əvvəl Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi keçirilib və həmin vaxt Ukraynanın Rusiyaya təhvil verdiyi 115 nəfərin hamısı çağırışçı əsgərlər olub.
“AzPolitika.info”


Şərhlər