"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 31 oktyabr 2022-ci il bəyanatında "Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyi" xüsusi vurğulanıb. Eyni zamanda, mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək öhdəyə götürülüb. Rusiya tərəfinin müqavilənin işlənib hazırlanmasına yanaşması dəyişməz olaraq qalır, çünki bu, bizim prezidentin imzaladığı sənəddə qeyd olunub".
Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
"Biz iki müttəfiqimiz arasında balanslaşdırılmış sülh müqaviləsinin bağlanmasını bölünməz təhlükəsizlik və davamlı sosial-iqtisadi inkişaf arxitekturası qurmaq üçün əvəzsiz ilkin şərt hesab edirik"?, - o əlavə edib.
Sergey Kopırkin açıqlamasını şərh edən politoloq Elxan Şahinoğlu hesab edir ki, Kreml Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində “vicdanlı broker” rolundan heç vaxt imtina etməyib: “Bu həm İrəvana, həm də Bakıya mesajdır ki, “Rusiyanın iştirakı olmadan məsələləri həll etməyin”. Sergey Kopırkin “brokerlikdən” danışarkən 2020-ci ilin 10 noyabrında Rusiya prezidenti Vladimir Putinin iştirakıyla qəbul olunan üçtərəfli sazişi xatırladıb. Səfir İrəvana minnətlə demək istəyib ki, müharibəni dayandırmaq Putinin sayəsində baş tutub, əks halda Ermənistan daha ağır məğlubiyyətlə üzləşəcəkdi. Onsuz da 3 il sonra Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərindəki suverenliyini bərpa edib”.
Politoloq heab edir ki, Azərbaycanın və Ermənistanın səfirin məntiqi ilə desək “brokerə” ehtiyacı yoxdur, Bakı və İrəvan birbaşa danışıqlara üstünlük verirlər.
“Tərəflər arasında yekun sülh sazişinin imzalanması üçün “brokerə” deyil münasib məkana ehtiyacları olacaq”, - ekspert vurğulayıb.
“AzPolitika.info”


Şərhlər