Məlum olduğu kimi, Rusiyanın Ukrayna cəbhəsində ləng də olsa irəliləyə bilməsində onun sitifadə etdiyi KAB bombaları xüsusi rol oynayır. Bu idarə olunan bombalar hərbi təyyarələr tərəfindən təxminən 60 kiilometr uzaqlıqdan atılır və 500 kiloqramdan 1.5 tona qədər partlayıcı yükə malik olur. Rusiyanın istifadə etdiyi bu silahın qarşısını almaq hələ ki, mümkün olmur. Heç də xüsusi dəqiqliyi ilə seçilməyən bu bombalar təkcə istehkamları yox, bir çox hallarda dinc yaşayış məntəqələrini də dağıdır.
“AzPolitika” xəbər verir ki, “Forbes” nəşrinin yazdığına görə, Ukrayna da öz KAB bombalarını yaratmağa müvəffəq olub. “Forbes” yazır ki, Ukrayna Rusiya hərbi obyektlərinə zərbələr endirmək üçün “əsas silah” ola biləcək yüksək dəqiqlikli planlaşdırıcı bomba(KAB) hazırlayıb. Artıq bu silah Ukaryna təyyarələri tərəfindən sınaqdan da keçirilib. Nəşrin məlumatına görə, bomba raket gücləndiricisi, geri çəkilə bilən qanadlar və GPS sistemi ilə təchiz edilib. Onun uçuş məsafəsi isə təxminən 65 kilometrə çata bilir.
Əgər Ukrayna bu bombaların kütləvi istehsalını qursa, o, Rusiya Silahlı Qüvvələrinin Ukraynanı oxşar bombalarla atəşə tutmasına cavab olaraq, tezliklə Rusiya ərazisinə zərbələr endirə biləcək.
Yeni bomba Ukraynada istehsal olunan “Neptun” qanadlı raketi, “Palyanitsa” dron raketi və müxtəlif uzun mənzilli zərbə dronları kimi sursatların siyahısına qoşulacaq.
Qərbdən silahların məhdud tədarükü və onların Rusiya ərazisinin dərinliklərində istifadəsinə qoyulan qadağalar fonunda Ukrayna öz bombalarının və digər silahlarının istehsalını fəal şəkildə inkişaf etdirir. Belə ki, avqustun 24-də Ukrayna Silahlı Qüvvələri 700 kilometr uçuş məsafəsinə malik “Palyanitsa” uzaqmənzilli PUA raketini də uğurla sınaqdan keçirib.
“AzPolitika.info”


Şərhlər