"Universitetlərdə tələbələrə mütaliə mədəniyyətinin formalaşdırılması üçün heç bir fəaliyyət istiqaməti yoxdur və belə getsə olmayacaq...Elmin populyarlaşdırılmasına maraq yox səviyyəsindədir. Ayrıseçkilik, narsizm, yekəxanalıq bu işi bilənləri universitetlərə dəvət etməyə maneçilik törədir. İtirən isə gənclikdir..."

Bu fikirləri təhsil eksperti, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev “Facebook” səhifəsindən paylaşdığı yazıda bildirib.

Həmin yazını təqdim edirik:  "Yaşayan Azərbaycanlı Alimlərin Forumu başa çatdı. Xaricdə yaşayan, az sayda olan azərbaycanlı alimlərimiz ölkəmiz üçün alimlər yetişdirilməsində maraqlıdırlarmı? Məncə əsas sual bu olmalıdır.

Pakistan alimi, Fizika üzrə Nobel mükafatı laureatı Əbdüs Salam 500-dən çox fizik və riyaziyyatçı yetişdirib. Bütün vəsaitini bu işə xərcləyib. Aziz Sancar da var gücü ilə Türkiyə üçün çalışır. Bu düşündürücü fotoya diqqət edin. Professor A. Sancarın laboratoriyasında 5 çinli, 4 türk tədqiqat aparır. Niyə azərbaycanlı olmasın? Bizim xaricdə yaşayan alimlərimizin buna oxşar fotosu varmı?

Xaricdə yaşayan tanınmış alimlərimizin istedadlı tələbələrə elmin sirlərini dərindən öyrətmək üçün yay məktəbləri təşkil olunmalıdır.

Azərbaycanda yaşayan alimlər dünya elminin, xüsusilə, fundamental elmlərin inkişafı ilə tanış deyillər. Yeni elmi istiqamətlər yaranır, tədqiqat metodları tez-tez dəyişir. Elm və təhsil nazirinin "alimlər sosial şəbəkələrdən uzaqdırlar" fikri ilə razıyam. Sosial şəbəkələr geniş fürsətdir. Dünyanın tanınmış alimlərinin bu platformada milyonlarla dinləyiciləri var. 

Mən kitabxanamdan bütün elm sahələri üzrə ən maraqlı kitabların təqdimatını aparıram. Kimlərsə tədris etdiyi fəndə yenilikləri sosial şəbəkələr vasitəsilə tələbə və həmkarlarına çatdırmalıdırlar. Vaxt itkisi çox amansızdır. Sosial şəbəkərdə riyaziyyatçıların, İKT mütəxəssislərinin, fiziklərin, kimyaçıların klubu yaradılmalıdır.

Universitetlərdə tələbələrə mütaliə mədəniyyətinin formalaşdırılması üçün heç bir fəaliyyət istiqaməti yoxdur və belə getsə olmayacaq...Elmin populyarlaşdırılmasına maraq yox səviyyəsindədir. Ayrıseçkilik, narsizm, yekəxanalıq bu işi bilənləri universitetlərə dəvət etməyə maneçilik törədir. İtirən isə gənclikdir..."