Menu

“Putin haqqında çox düşünmürəm” - Bayden-Stramer görüşündə gözlənilən qərar verildimi?

14.09.2024, 12:19
“Putin haqqında çox düşünmürəm” - Bayden-Stramer görüşündə gözlənilən qərar verildimi?

Amerikaya səfər edən Böyük Britaniya Baş naziri Kir Starmerin Prezident Co Baydenlə görüşü başa çatıb. Görüşün əsasən Ukraynaya dəstək məsələlərinə həsr edildiyi məlumdur. Mətbuatı və siyasi dairələri isə ən çox maraqlandıran mövzu Ukraynaya Rusiyanın dərinliklərinə ABŞ və Böyük Britaniya raketləri ilə zərbə vurulmasına icazə verilməsinə dair gözlənilən qərardır.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, görüşdən əvvəl Starmer ABŞ Prezidenti ilə Ukraynaya gələcək dəstək strategiyasını müzakirə etmək istədiyini deyib. O da məlumdur ki, bu görüşdən əvvəl Vladimir Putinin Rusiya ərazisində Qərbin uzaqmənzilli silahlarından istifadəsinin NATO ölkələrinin müharibədə iştirakına bərabər olacağı barədə bəyanatı səsləndirilib.

Bayden görüşün əvvəlində Putinin bu bəyanatı ilə bağlı fikrini belə ifadə edib : "Mən Vladimir Putin haqqında çox düşünmürəm".

Bununla da ABŞ başçısı Rusiya Prezidentinin bu təhdidinə məhəl qoymadığını göstərib.

Kir Starmer isə görüşdən sonra Rusiya ərazisinin dərinliklərinə zərbələr endirilməsində “Storm Shadow” raketlərindən istifadə edilməsilə bağlı yekun qərarın hələ verilmədiyini deyib. Lakin bu məsələdə “inkişafın mümkün olduğuna” eyham vurub.

O, qeyd edib ki, Ukrayna üçün uzaqmənzilli zərbələrə icazə verilməsinə dair hələ yekun qərar yoxdur, lakin eyni zamanda, bu ayın sonunda BMT Baş Assambleyasının iclasında daha geniş tərkibdə müzakirədən sonra irəliləyiş olacağını qeyd edib: "Aydındır ki, bir neçə gündən sonra biz daha geniş tərkibdə BMT Baş Assambleyasında yenidən toplaşacağıq".

Starmer Baydenlə görüşünün “konkret potensiallar haqqında bir görüş olmadığını", daha çox Ukraynaya dəstəklə bağlı strateji xarakter daşıdığını vurğulayıb və bununla yanaşı, əlavə edib: "Biz güclü mövqeyə gəldik".

Qeyd edək ki, bundan öncə “The Guardian” nəşrinin Britaniya hökumətindəki mənbələrinə istinadla yazdığına görə, ABŞ və Böyük Britaniya artıq Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün öz silahlarından istifadə etməyə razılıq vermək qərarına gəliblər. Lakin hələlik bu barədə rəsmi açıqlama vermək istəmirlər. “The Guardian” yazır ki, raketlərin yerləşdirilməsi genişmiqyaslı müharibəyə son qoymağa hesablanan daha geniş planın bir hissəsi olmalıdır.

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol