52 saylı Yevlax seçki Dairəsi üzrə REAL Partiyasından namizədliyi qeydə alınmış Rəsul Cəfərovun müraciətinə baxılıb.
APA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Qabil Orucov məlumat verib.
Qabil Orucov bildirib ki, Rəsul Cəfərovun dairə seçki komissiyasının hərəkətsizliyindən olan müraciəti anonim şəkildə təqdim edilib.
MSK sədri Məzahir Pənahov bildirib ki, partiya rəhbərliyinə ərizəçinin özünün gedib şikayəti öz adıyla etməsini təmin etməsi üçün çıxdıq.
MSK katibi Mikayıl Rəhimov isə qeyd edib ki, bununla bağlı partiya rəhbərliyi ilə danışıb: “İlqar müəllimə dedim ki, ona deyin ki, ya özü dairəyə getsin, imza çəksin, ya da elektron imza göndərsin. Daha sonra Rəsul Cəfərov özü mənə zəng etdi ki, o vəkildir və apelyasiya məhkəməsində işə çıxır. Mən də dedim ki, mən MSK katibi kimi məhkəmədən xahiş edərəm sənin işlərini sabaha keçirər. Amma o yenə də dairəyə getməyib”.
MSK Rəsul Cəfərovun dairə seçki komissiyasının hərəkətsizliyindən olan müraciətini anonim olduğu üçün baxılmamış saxlayıb. Seçki məntəqələrində pozuntularla bağlı müraciəti isə vaxtı ötdüyü üçün özünə geri göndərilib.


Şərhlər