Menu

“Rusiya məğlubedilməzdir!.. "- Tokayev müharibəni dayandırmağa çağırdı

16.09.2024, 16:06
“Rusiya məğlubedilməzdir!.. "- Tokayev müharibəni dayandırmağa çağırdı

Almaniya kansleri Olaf Şolts Orta Asiya ölkələrinə səfər turnesi çərçivəsində Özbəkistandan Qazaxıstana gedib.

“AzPolitika” xəbər verir ki, kanslerin Daşkənd ziyarəti məhsuldar olub, o, Prezident Şavkat Mirziyoyevlə danışıqlar aparıb. Tərəflər əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını müzakirə edib, parlamentlər, hökumətlər və xarici işlər nazirlikləri arasında fəal təmasların davam etdirilməsinin vacibliyini vurğulayıblar. Danışıqlardan sonra Mirziyoyev və Şolts Birgə Bəyannamə qəbul ediblər. Səfər zamanı həmçinin səkkiz ikitərəfli sənəd imzalanıb.

Qazaxıstan mətbuatının məlumatına görə, Almaniya kanslerini Qazaxıstanda Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb. Liderlərin media qarşısında birgə bəyanatlarında Rusiya-Ukrayna mövzusu diqqət mərkəzində olub. Qazaxıstan Prezidenti bəyan edib ki, hərbi baxımdan Rusiya məğlubedilməzdir. Onun sözlərinə görə, Ukraynada müharibənin daha da genişlənməsi bütün bəşəriyyəti geridönməz nəticələrlə təhdid edir.

“Fakt budur ki, Rusiya hərbi cəhətdən yenilməzdir. Müharibənin daha da genişlənməsi bütün bəşəriyyət üçün və ilk növbədə Rusiya-Ukrayna münaqişəsində birbaşa iştirak edən bütün ölkələr üçün düzəlməz nəticələrə gətirib çıxaracaq”, - Tokayev bildirib. O, qeyd edib ki, 2022-ci ildə İstanbul danışıqlarında ən azı barışıq əldə etmək şansı əldən verilib, lakin sülhə nail olmaq fürsəti hələ də mövcuddur.

Tokayev müxtəlif ölkələrin sülh təşəbbüslərini diqqətlə nəzərdən keçirməyə və döyüş əməliyyatlarını dayandırmaq qərarına gəlməyə, sonra ərazi məsələlərini müzakirə etməyə çağırıb.

“Bizim fikrimizcə, Çin və Braziliya adından təqdim olunan sülh planı dəstəyə layiqdir. Dövlət liderləri gəlib-gedirlər, lakin xalqlar, xüsusən də qonşu xalqlar sülh və qarşılıqlı anlaşma şəraitində yaşamalıdırlar”, - deyə Tokayev bildirib.

Qazaxıstan Prezidenti qeyd edib ki, ölkəsi Rusiya ilə ən uzun quru sərhədinə malikdir və ölkələr strateji tərəfdaşlıq və müttəfiqlik çərçivəsində əməkdaşlığı inkişaf etdirir.

“Qazaxıstan Ukrayna xalqına və onun unikal mədəniyyətinə səmimi rəğbət bəsləyir. Dövlətlərimiz arasında heç vaxt fikir ayrılığı olmayıb”, - Tokayev vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

ƏNHU 2024-09-16 20:23:46

Bir türk liderinə Rusiyanı bu dərəcədə vəsf etmək yaraşmaz. Bu ümumiyyətlə prezident sözü deyil. Çayxana sözüdür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol