Menu

OVERÇUKUN İRƏVAN MİSSİYASI – “Zəngəzur dəhlizi üçün gedib...”

17.09.2024, 12:43
OVERÇUKUN İRƏVAN MİSSİYASI – “Zəngəzur dəhlizi üçün gedib...”

“Ermənistandan keçən tranzit marşrutlar bu ölkənin ərazi bütövlüyünü pozmayacaq”.

“AzPolitika” xəbər verir ki, bunu ötən həftəsonu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiyanın Azərbaycan və Naxçıvan arasında nəqliyyat kommunikasiyasının açılmasına yeni çağırışlarını şərh edərkən deyib.

“Kommunikasiyaların blokdan çıxarılması üç dövlətin başçıları tərəfindən əldə olunmuş 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının icrası ilə mümkündür. Siz bilirsiniz ki, Rusiya bu prosesə qoşulmağa və suverenlik, ərazi bütövlüyü və yurisdiksiya prinsipi əsasında kömək etməyə həmişə hazırdır”.

Overçuk Ermənistana ötən həftənin cümə günü səfər edərək Baş nazir Nikol Paşinyanla görüşmüşdü. Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanı Azərbaycan və Naxçıvan arasında nəqliyyat kommunikasiyasının açılmasını sabotaj etməkdə ittiham edən bəyanatları İrəvanı hiddətləndirmişdi.

Moskva və İrəvan 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının 9-cu bəndini fərqli şəkildə yozurlar. Moskva bəyan edir ki, həmin bəndə görə Azərbaycan və Naxçıvan arasında nəqliyyat kommunikasiyasına Rusiya sərhədçiləri nəzarət etməlidirlər.

Ermənistan rəsmilərinin sözlərinə görə isə, bu heç də o demək deyildir ki, Azərbaycan və Naxçıvan arasında adamların və yüklərin hərəkətinə Rusiya nəzarət etməlidir. Lavrov bundan əvvəl demişdi ki, Moskva orada neytral sərhəd və vergi nəzarətinin olmasını istəyir.

Overçuk Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri ilə birlikdə nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması üzərində işləyən üçtərəfli komissiyanın həmsədrlərindən biridir.

Ötən cümə günü Overçuk habelə ermənistanlı həmkarı Mher Qriqoryanla danışıqlar aparıb. Bu danışıqlarda hər hansı razılaşmanın əldə olunub-olunmadığı məlum deyil.

Ermənistan politoloqlarından Armen Bağdasaryan yerli mətbuata deyib ki, məsələ Ermənistanın sözügedən 9-cu bəndi ləğv etdirə bilib-bilməməsindədir: “Söhbət təkcə Naxçıvana yol açılmasından getmir. Əgər həmin marşrut Rusiyanın nəzarəti olmadan işləsə, Moskvanın regiondakı mövqeyi əhəmiyyətli dərəcədə zəifləyəcək. Yox, əgər kommunikasiya kanalları Rusiyanın nəzarəti altında olsa, Ermənistan Rusiyanın təsir dairəsindən çıxmaq niyyətindən həmişəlik əl çəkməli olacaq”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol