“Məşədi Dadaş” məscidinin imamına qarşı sui-qəsddə, iki və daha çox şəxsi öldürməyə cəhd etməkdə təqsirləndirilən Elşən Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs sərbəst ifadə verib.
O, bildirib ki, məsciddə imamla görüşmək istəsə də, buna imkan yaradılmayıb: “Mən ötən ilin yayından həmin məscidə gedirdim. İmamla görüşmək istəmişəm. Görüş baş tutsa da, çox az çəkdi. Görüş əsnasında aramızda konflikt baş vermədi, xoş ayrıldıq. Bundan sonra onunla görüşmək istəsəm də, məscidin təhlükəsizlik işçisi Rəsul Həsənli buna imkan yaratmadı. Bu maneə 4-5 ay çəkdi. Mən onu tanımırdım”.
Təqsirləndirilən şəxs bildirib ki, Allah tərəfindən imam təyin olunub və bunu Məşədi Dadaş” məscidinin axundu Əli Şərbətova demək istəyib: “15 mart 2020-ci ildə səhər saatlarında Allah tərəfindən mənə vəhy gəldi. Mənə dedilər ki, sən “Məşədi Dadaş” məscidinin imamısan. Sabah ora get, özünü təqdim et. Orada səni gözləyirlər. Lakin mən oraya gedə bilmədim”.
Təqsirləndirilən Elşən Hüseynov bildirib ki, 27 dekabr 2023-cü ildə məscidə gedib. Mən axundu görmək istədiyimi bildirdim. Mənə axundun burada olmadığını bildirdil. Mən içəri daxil olmaq istədim. Lakin o mənə sərt reaksiya göstərərək maneə törətdi. Bu hadisədən 3 gün sonra gəldim və mən Rəsulu bıçaqladım”.
Daha sonra prokuror ittiham aktını elan edib.
Elşən Hüseyov özünü təqsirli bilmədiyini deyib: “Mən əməlimdən peşman deyiləm. Rəsul Həsənlini mənə maneə törətdiyi üçün vurdum”.
Proses oktyabrın 8-i davam etdiriləcək.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.
Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib.
Elşən Hüseynova Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən AR Cinayət Məcəlləsinin 29.120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayəti gizlətmə məqsədi ilə adam öldürməyə cəhd) 29.120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29.120.2.11 (Terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29.120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittihan irəli sürülüb.


Şərhlər
6 il qabaq Şəmkirdə Emin adlı birisi də hər gün tikiş iynəsi udurmuş.Yazıq həkimlər görüblər mədəsində-bağırsaqlarında 200-dən çox iynə var,deyiblər xeyirdimi?O da deyib ki yuxarıdan mənə vəhy gəldi ki hər gün 6-7 dənə tikiş iynəsi udmalısan,mən də o vaxtdan uduram.No comment yəni.Sənə də hələ yaxşı ki "bıçaq ud" deməyiblər.Deyiblər ki məscidə buraxmasalar götür bıçağı,yort ee,tök bağırsaqlarını axundun,sonra da get Sarı Şəmistana de ki qanına qəltan elədim Gəray bəyi.Məsciddən əvvəl gərək psixiatrın yanına gedəydin deyəydin nə lazımdı,nə qulluq eliyək?Yağmasan da barı guruldayaydın.
Görəsən vəhy gələndə niyə ancaq Yaxın Şərqə gəlib tarix boyunca?Həm də vəhylər niyə ancaq idarəetməylə,hökm etməklə,əmr verməklə bağlı olmalıdı?Taxtda oturub rahat idarəetmək üçünmü?Yəni filan əmri deyən mənəm,amma verən Allahdır,Ona qarşı gəlsəniz cəhənnəmdə yanacaqsınız,eləmi?.A balam,nolardı bircə dəfə də ümumdünya cazibə qanunu,nisbilik nəzəriyyəsi,planetlərarası səyahət,nüvə fzikası,teleqrafın-telefonun-qrammafonun-radionun-televiziyanın-avtomobilin icadı kimi məsələlərin də vəhyi gələydi dəə islam aləmindən bircəciyinə.Arzularımız,düşüncələrimiz nə yöndədirsə vəhyləri də onlara uyğunlaşdırırıq.Kresloya yerləş,rahatca ye-iç,yığ altını doldur sədəqələrlə,nəzir-niyazla.Vəssalam,həyat bundan ibarətdir.
Aaaa! A balam,sən yəni bilmirsənmi Allah Adəmlə Həvvanı bir tərəfdən cənnətə salıb ki istədyinizdən yeyin için xoşbəxt yaşayın,,o biri tərəfdən də şeytana deyib ki get onları yoldan çıxart ki,qovum cənnətdən ikisini də.Bilirsənsə sənə “məscidə get,imamsan artıq” deyə vəhy gələndə bilməliydin axı ki,ola bilsin məscidin imamına da vəhy gəlib ki,sən ora gəlsən qətiyyən buraxmasınlar səni.Bilmirdinsə soruşaydın ki ona da vəhy verilibmi ya yox?Soruşmamısan,ona görə də əlin qana batıb.Deyə bilərsən ki,ona niyə vəhy verilməlidi?Bəs sənə niyə vəhy verilməlidi ki?Sənə niyə verilibsə,ona da eləcə.Sən göydən düşmüsən ki?
Mən bilməzdim ki, mollaların da cangüdəni olurmuş və onların da qəbuluna düşmək bu qədər müşkül imiş. Mənə görə günah Şərbətovda və onun şəxsi qulluqçusundadır. Əgər nökər ağası ilə danışıb təqsirləndirilən şəxsi içəri buraxsaydı çox güman ki, bütün bunlar olmayacaqdı. Təqsirləndirilən şə örüb ki, onu dinləyən yoxdur, məcbur olub aradakı maneəni neytrallaşdırıb. Düzdür adam xurafatçı və cahil ola bilər. Amma haqlıdır. Çünki o, dinlənilməli idi. Müşahidələrimiz də deməyə əsas verir ki, bu cür qanlı olaylara, məhz cangüdənlər və mühafizəçilər bais olurlar. Onlar qul xislətli olduqlarından ağalarından başqa heç kimi saymır və heç kiimii haqlı görmürlər. Əslində molla vəzifəsindən sui istifadə və ictimai fərdə qaşı süründürməçllikdə, onun yavəri isə fitnə törədib cinayətə sövq etmədə təqsiri bilib cəzalandırılmalıdırlar. İmamlıq eşqinə düşmüş adam isə İrana hədiyyə edilsə çox yaxşı olardı. Oralar onunçün daha münbitdir.