Menu

“Bu zərbə Rusiyanın hücum imkanlarına təsir edəcək” - “Rusiya hələ də bu çatışmazlıqlarını aradan qaldırmayıb”

19.09.2024, 10:45
“Bu zərbə Rusiyanın hücum imkanlarına təsir edəcək” - “Rusiya hələ də bu çatışmazlıqlarını aradan qaldırmayıb”

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın hərbi logistika obyektlərinə zərbələri işğalçı orduya daha geniş əməliyyat təzyiqi göstərəcək və onların bütün döyüş meydanında hücumlarına təsir edəcək.

“AzPolitika” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatında belə deyilir.

Amerikalı analitiklər xatırladırlar ki, 2022-ci ilin yayında Ukaryna “HIMARS” MLRS ilə işğal olunmuş ərazilərdəki Rusiya sursat anbarlarını vurmuşdu və o zaman ruslar öz arsenallarını ayrı-ayrı ərazilərə səpələməyə məcbur olmuşdu. Nəticədə işğalçı qoşunun maddi-texniki təminatının səmərəliliyi azalmışdı.İnstitutun ekspertlərinin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin dünənki Toropets hücumuna bənzər hücumları işğalçı hərbi komandanlığın yenə də eyni addımları atamağa, öz arsenallarını dağıtmağa, səpələməyə məcbur edə bilər. 

Bu isə bütün cəbhə boyu Rusiyanin hücumlarının zəifləməsinə gətirib çıxaracaq: “Rusiya ordusu çox güman ki, bir çox logistik obyektlərdəki çatışmazlıqları, zəiflikləri aradan qaldırmayıb. Ukraynanın özünün uzaqmənzilli zərbə imkanlarını daha da inkişaf etdirməsi Ukrayna Silahlı Qüvvələrinə düşmənin bu cür zəif yerlərindən daha səmərəli istifadə etmək imkanı verə bilər”.

ISW hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin düşmənin döyüş sursatı və raket anbarlarına növbəti hücumları onun sursat ehtiyatlarının əhəmiyyətli hissəsini məhv edə bilər: “Ukrayna hərbçilərinin Rusiya ərazisindəki hədəflərə zərbələri bütün əməliyyat teatrında hücum əməliyyatlarına təsir göstərə bilər”.

Mütəxəssislərin fikrincə, bu, o zaman baş verəcək ki, Ukraynanın müvafiq raketləri, maddi-texniki bazası, imkanları, eləcə də Rusiyanın dərinliklırinə zərbə endirmək icazəsi olacaq.

ISW həmçinin qeyd edib ki, 2024-cü ilin iyulunda Ukrayna qüvvələri Voronej vilayətinin Sergeyevka yaşayış məntəqəsi yaxınlığındakı daha bir Rusiya sursat anbarına zərbələr endirib.

Qeyd edək ki, Tver vilayətinin Toropets şəhərindəki anbara hücum sentyabrın 18-nə keçən gecə PUA-lar vasitəsilə həyata keçirilib. Ukrayna hərbi analitikləri anbara hücum edən PUA-lardan 6-sının hədəfə çatdığını bildirirlər. Nəticədə yanğın başlayıb və sursatlar partlamağa başlayıb. Şəhər əhalisi evakuasiya edilib.

“Defense Express” informasiya və konsaltinq şirkətinin direktoru Sergey Zqurets hesab edir ki, ərazidəki ən azı 60-70 anbar hücuma məruz qalıb. Burada müxtəlif hesablamalara görə, 30 min tona qədər müxtəlif döyüş sursatı saxlanılıb. Ukrayna hərbi dairələrindəki mənbələrdən verilən məlumata görə, anbarda “İskəndər” operativ-taktiki raket kompleksləri üçün nəzərdə tutulan raketlər, “Toçka-U” taktiki raket kompleksləri, KAB-lar və artilleriya sursatları saxlanılıb. Bəzi Rusiya “Z kanalları” isə anbarda həm də onlarla “Kinjal” raketlərinin olduğunu yazıblar.

Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak isə hesab edir ki, Tver vilayətinin Toropets şəhərindəki anbara dron hücumu kimi daha çox hücumlar olmalıdır. Bu, Ukraynadakı müharibədə “ədalətli nəticə” əldə etməyə imkan verəcək: “Bunu yalnız bir sözlə şərh edə bilərəm: Azdır. Çox təsirli, effektlidir, lakin azdır”.

Podolyak əlavə edib ki, Qərb Ukraynaya daha çox uzaq mənzilli silah verməli və Rusiya dərinliklərinə zərbə endirilməsi qadağasını götürməlidir...

C.Məmmədov

“AzPolitika.info” 

Şərhlər

Mubariz 2024-09-19 12:25:35

əgər rusiya qərbdən yardım ukrayna anbarlarını vurmaqla ukraynaya az təsir edibsə ukraynanın da rusiya anbarlarını vurması heç nəyə təsir etmiyəcək çünki özləri istehsal edir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol