“Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində həyata keçirilən "Məhkumların insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına yardım" layihəsi davam etdirilir.
Fonddan “AzPolitika”-ya verilən məlumata görə, layihə çərçivəsində növbəti belə monitorinq sentyabrın 18-də 16 saylı cəzaçəkmə müəssisəsində keçirilib. Qeyd olunur ki, layihənin əsas məqsədi məhkumların hüquqlarının qorunması və onların reabilitasiya prosesinin gücləndirilməsi üçün hüquqi dəstəyin təmin edilməsidir.
Məlumatda bildirilir ki, layihə çərçivəsində 42 məhkuma hüquqi məsləhətlər verilib, onların insan hüquq və azadlıqları ilə bağlı sualları cavablandırılıb, 2 məhkum üçün apleyasiya şikayəti yazılaraq özlərinə təhvil verilib. 27 məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə, əfv və amnistiya ilə əlaqədar qanunvericiliyin tələbləri, mövcud qaydalar barədə məlumatlandırılıb.
Fond qeyd edir ki, həmçinin cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraitinə dair müntəzəm monitorinqlər aparılıb. Monitorinqlərin məqsədi, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin beynəlxalq standartlara uyğun olub-olmamasını yoxlamaq və ortaya çıxan potensial problemlərin həllinə töhfə verməkdir.
Monitorinqlər zamanı məhkumların saxlanma şəraiti, səhiyyə və tibbi xidmətlərə əlçatanlıq, məhkumların ailə üzvləri və hüquqi nümayəndələri ilə əlaqəsi, təhsil və reabilitasiya proqramlarına qoşulma imkanları diqqət mərkəzində olub.
Fond bildirir ki, layihə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir və oktyabr ayının sonunadək davam edəcək. Layihə çərçivəsində məhkumlara hüquqi yardımların davam etdirilməsi və onların hüquq və azadlıqlarının qorunması istiqamətində yeni fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır.
“AzPolitika.info”


Şərhlər