Menu

Blinken Gürcüstana tətbiq olunan sanksiyaları elan etdi - Tbilisinin Qərblə münasibətləri gərginləşir

20.09.2024, 15:20
Blinken Gürcüstana tətbiq olunan sanksiyaları elan etdi - Tbilisinin Qərblə münasibətləri gərginləşir

ABŞ dövlət katibi Entoni Blinken Gürcüstan hakimiyyətinə qarşı sanksiyaları elan edib. O, bəyan edib ki, ciddi insan haqları pozntularına yol verdiklərinə görə gürcü hökumətinin rəsmilərinə – Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Departamentinin rəisi Zviad Xarazişvili və onun müavinlərindən Mileri Laqazauriyə ABŞ tərəfindən sanksiyalar tətbiq olunub.

Hər iki məmur “Xarici təsir” adlandırılan qanunun qəbul olunmasına qarşı keçirilən dinc etirazların dağıdılması zamanı zorakılıq törətməkdə ittiham edilir. Blinken həmçinin elan edib ki, ABŞ hökuməti zorakı ekstremist qrupun iki gürcü lideri - Konstantin Morqoşiya və Zurab Maxaradzeni də sanksiyalar siyahısına salıb.

“Dövlət Departamenti həmçinin Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan və ya bu prosesdə iştirak edən 60-dan çox rəhbəri şəxsə və onların ailə üzvlərinə viza məhdudiyyətləri tətbiq etmək üçün əlavə addımlar atır. Bu şəxslərə gürcü xalqının əsas azadlıqlarını məhdudlaşdırmaq üçün səlahiyyətlərindən sui-istifadə edən yüksək vəzifəli dövlət və bələdiyyə xadimləri, korrupsiya əməllərində iştirak edən biznes liderləri, dezinformasiya yayan və zorakı ekstremizmi təbliğ edən şəxslər, etirazçıların döyülməsində iştirak etmiş hüquq-mühafizə orqanlarının üzvləri, habelə vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırılmasında mühüm rol oynayan qeyri-demokratik qanunların qəbulunda rol oynamış parlament üzvləri daxildir”, - Blinken vurğulayıb.

“Biz Gürcüstanda insan haqlarının pozulması və antidemokratik hərəkətlərdən narahatıq və cavab olaraq əlavə tədbirləri nəzərdən keçirməyə davam edəcəyik. Birləşmiş Ştatlar birmənalı olaraq gürcülərin zorakılıq, hədə-qorxu və təzyiqdən qorxmadan toplaşmaq, danışmaq və dinc etiraz etmək hüquqlarını dəstəkləyir”, - ABŞ rəsmisi bəyan edib.

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Hakim “Gürcü arzusu” partiyası seçkidən əvvəl Qərbdən maliyyələşən QHT-lərin fəaliyyətini nəzarət altına alan və məhdudlaşdıran qanun qəbul edib. Gürcüstan müxalifəti, vətəndaş cəmiyyəti buna etiraz olaraq həftələrlə davam edən etiraz aksiyaları keçirib. Aksiyalarda bir neçə dəfə hökumət qüvvələri ilə nümayişçilər arasında toqquşmalar baş verib, nəticədə onlarla insan yaralanıb.

Avropa İttifaqı buna cavab olaraq Gürcüstanın İttifaqa üzvülük müraciətini dondurub, habelə bir sıra sanksiyalar elan edib. Onların sırasına bəzi gürcü rəsmilərinin vizalarının dondurulması da daxildir. Brüssel bəyan edib ki, “Gürcü arzusu” antidemokratik fəaliyyətdən çəkinməzsə, sadələşdirilmiş viza rejimini aradan qaldıracaq.

Gücüstan hakimiyyəti isə bu tədbirləri ABŞ və Avropa İttifaqının ölkənin daxili işlərinə qarşımaq, onu devirmək niyyəti adlandırıb. Gürcüstan prezidenti Salomi Zurabaşvili müxalifəti və Qərb strukturlarının mövqeyini müdafiə edir, bu səbədən ölkədə hökumətlə dövlət başçısı arasında böhran yaranıb. “Gürcü arzusu” prezidenti “Qərbin kuklası” adlandırır və dövlətə xəyanətdə ittiham edir.

Müşahidəçilərin rəyinə görə, 26 oktyabr seçkiləri olduqca gərgin keçəcək. Seçkiqabağı ABŞ və Avropa ölkələrində minlərlə müşahidəçinin və nüfuzlu media qurumlarının Gürcüstana gəlməsi gözlənilir. Rəy sorğularına görə, hakim “Gürcü arzusu” 33-34 faiz səsə malikdir. Rəyi soruşulanların 60 faizə yaxını isə müxalifət partiyalarına səs verəcəyini bildirib. Müxalifət seçkilərdə 6-7 partiya və blokla iştirak edir. Onların sırasında hazırda həbsdə olan eks-prezident Mixail Sakaaşvilinin fəxri lideri olduğu “Milli hərakat” partiyası 18-20 faiz reytinqə malikdir.

Ekspertlərə görə, seçkinin nəticələrinə müdaxilə olarsa, ölkədə kütləvi iğtişaşlar baş verə bilər. Hakim partiya liderləri bəyan ediblər ki, heç bir vəclə müxalifətin iqtidara gəlməsinə imkan vermək niyyətində deyillər. Proqnozlara görə, hakimiyyətin mövqelərini qoruması Qərbin Gürcüstana qarşı əlavə sanksiya qoymasına, habelə Tbilisinin avrointeqrasiya hədəfindən tamamilə imtina etməsi ilə nəticələnəcək.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol