Sentyabrın 24-nə keçən gecə İsrail Livanın cənubuna çoxsaylı raket zərbələri endirib.
“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, hücumlar nəticəsində qadın və uşaqlar da daxil olmaqla, təxminən 500 nəfər həlak olub. 1600-dən çox insan yaralanıb.
İsrail ordusu (İDF) bəyan edib ki, “Hizbullah” radikal qruplaşmasının hədəflərini vurub. “Hücumlar zamanı ikinci dərəcəli partlayışlar müşahidə edilib ki, bu da binalarda silahların saxlandığını göstərir”, - deyə İDF-nin açıqlamasında bildirilir.
“Associated Press” agentliyinin Livan hakimiyyətinə istinadla yaydığı məlumata görə, həlak olanların 88-i qadın və uşaqlardır. Bu, hücum 2006-cı ildə İsrail və “Hizbullah” arasında baş verən müharibədən bəri çoxsaylı itkilərə səbəb olan qanlı əməliyyat hesab olunur.
İsrail hökuməti bəyan edib ki, əməliyyatlardan əvvəl Livan xalqını evləri və silahların saxlandığı digər binaları boşaltmağa çağırıb.
“AzPolitika.info”


Şərhlər