Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibədə Serbiya vətəndaşları da iştirak edir. Onlar müxtəlif şirkətlər, gizli qruplaşmalar tərəfindən başqa adlar altında prosesə cəlb olunurlar.
“AzPolitika” xəbər verir ki” bu barədə “Azadlıq” radiosunun serb xidmətinin yaydığı araşdırmada qeyd olunur. Radionun əməkdaşları Ukraynaya qarşı döyüşmüş bir şəxsi danışdıra bilib.
Araşdırmada qeyd olunur: “Ötən ilin iyununda Draqan bir neçə digər serblə birlikdə Belqradın Nikola Tesla hava limanına gələrkən, onların sənədlərində bir neçə ay bir Rusiya tikinti şirkətində çalışdıqları göstərilirdi. Gerçəksə bundan çox fərqli idi. Onların hamısı Ukraynada döyüşdükdən sonra vətənə qayıdırdı. Onlar Moskva ətrafında keçilən qısa döyüş təliminin ardınca Rusiyanın "Volki" hücum birliyinin tərkibində döyüşmüşdülər. Balkanlardan Rusiyanın Ukraynada apardığı savaşın cəbhə xəttinə muzdlu döyüşçü axınını təmin edən bu qrup gizli sistemin mövcudluğunu təsdiqləyən ən son dəlillərdəndir.
Görüntüləri vaxtaşırı “Telegram”-da paylaşılsa da, Rusiya tərəfində vuruşan serblərin sayı barədə dəqiq bilgi yoxdur. Belə könüllülər Qərb jurnalistləri ilə danışmağa meylli deyillər”.
Serbiyanın Daxili İşlər və Xarici İşlər nazirlikləri və Güvənlik Kəşfiyyatı Agentliyi (BIA) hazırda münaqişəyə qatılan serb vətəndaşlarının sayına dair jurnalistlərin sualına cavab verməkdən boyun qaçırıb. Radioya anonimlik şərti ilə danışan, şərti adı "Draqan" olan bu şəxs 2022-2023-cü illərdə səkkiz ay müqaviləli muzdlu döyüşçü olub. Bu müddətin iki ayını təlimdə, altı ayını isə Ukraynada döyüşlərdə keçirib. O, jurnalistlərə fotoşəkil və sənədlər təqdim edib. Bu sənədlər jurnalistlərə onun söylədiklərini müstəqil və açıq qaynaqlardan yoxlamaq imkanı verib.
Draqanın hekayəsi cinayətkar vasitəçilər, kobud komandirlər və serblərin "qardaşlıq" eşqi ilə Rusiyaya gedib döyüşlərə qatılması haqda müəyyən təsəvvür formalaşdırır. Onun danışdıqlarından Ukraynada vuruşan serblər və digər balkanlılar arasında davamlı ölüm və yaralanma hallarının olduğunu, eləcə də onlara verilən vədlərin yerinə yetirilmədiyini anlamaq mümkündür. "Onların gözündə insan həyatı Stalin dönəmindəki qədər dəyərlidir. Bu, səfərbər edilən, pulla tutulan, …adi insanların öldürüldüyü nəhəng bir biznesdir", - Draqan belə deyib.
Daha öncə heç bir döyüş təcrübəsi olmayan Draqan "qardaş rus xalqına kömək" perspektivinə və Rusiya pasportu alacağına dair Beriçin vədinə aldandığını deyib. O, Moskvanın "Vnukovo" hava limanına biletini də özü aldığını, oraya Türkiyə yolu ilə uçduğunu söyləyib. Draqan vəd edilən Rusiya pasportunun da üzünü görməyib. "Məni maaş və pul həvəsləndirməyib", - o vurğulayıb.
Draqan təlimdə olduğu iki ayın hərəsi üçün 110 min rubl (1215 dollar), döyüşlərdə olduğu altı ayın hərəsi üçünsə bundan iki dəfə çox maaş aldığını deyir. Həmin dövrdə Serbiyanın özündə orta aylıq əməkhaqqı 808 dollar olub.
Draqan Moskva ətrafındakı Alabino hərbi bazasında 25-dək serbin onunla birlikdə hərbi təlim keçdiyini deyib. Onların arasında Serbiyadan, Bosniya-Herseqovinadakı Serb Respublikasından, Monteneqrodan, Şimali Makedoniyadan olan serblər və hətta Fransadan olan bir etnik serb də varmış. Draqan QRU (Rusiyanın Baş Hərbi Kəşfiyyat İdarəsi) əməkdaşları kimi tanıdığı Dima və Oleq adlı şəxslərin çadırında özəl hərbi şirkətlə yarımillik müqavilə imzaladığını deyib.
“AzPolitika.info”


Şərhlər