Müharibənin əvvəlindən ruslar üçün alınmaz qala olan Donetsk vilayətindəki Uqledar şəhəri tezliklə təslim ediləcək. Onu müdafiə edən Ukrayna Silahlı Qüvvələrinin 72-ci mexanikləşdirilmiş briqadası geri çəkilməyə başlayıb.
“AzPolitika” xəbər verir ki, bunu “Forbes” nəşrinin tanınmış hərbi analitiki Devid Eks yazıb.
Eks qeyd edir ki, çərşənbə günü səhər Uqledara edilən son hücum, bir çox əvvəlki hücumlardan fərqli olaraq, ruslar üçün uğurlu görünür.
Ukraynanın “Frontelligence Insight” analitik qrupunun qeyd etdiyi kimi, Uqledarda vəziyyət kritikdir və bu, çox güman ki, onun müdafiəsinin son mərhələləridir.
"Belə görünür ki, rus qoşunları ötən həftə şəhərin cinahlarına təhlükə yaratmağa başlayanda “T-64” tankları, “BMP-2” döyüş maşınları və “M-109” haubitsaları ilə silahlanmış 2000 nəfərlik 72-ci Mexanikləşdirilmiş Briqada yavaş-yavaş daha təhlükəsiz mövqelərə çəkilməyə başlayıb”, - deyə Devid Eks qeyd edib.
Analitik yazır ki, tərəflərin hər biri üçün Uqledarın əhəmiyyəti mübahisəli məsələdir. Şəhər cənub cəbhəsinin şərq cəbhəsi ilə kəsişdiyi küncdə yerləşir. Lakin bir neçə kilometr şimalda yerləşən Boqoyavlenka da eyni funksiyanı yerinə yetirə bilər. Eks Boqoyavlenkanın 72-ci briqadanın geri çəkilə biləcəyi əvvəlcədən hazırlanmış və möhkəmləndirilmiş alternativ baza olduğunu qeyd edib.
Eyni zamanda, analitik qeyd edir ki, Uqledarın Rusiyanın nəzarətinə keçməsinin səbəbi aydındır: "Rusiya qoşunları bütün cəbhə xətti boyunca həddən artıq təzyiq altında olsa da, Ukrayna qüvvələri ondan daha gərgin vəziyyətdədir. Ukraynanın şərqdəki müdafiəsi Kursk bölgəsinə irəliləməyə əmr verilməmişdən əvvəl də zəifləyirdi. İndi isə onlar daha da silkələnir".
Bundan əvvəl “DeepState” layihəsi bildirib ki, ruslar Uqledarı mühasirəyə almağa çalışırlar. Mütəxəssislər bunun səbəblərindən biri kimi iki ilə yaxındır şəhərin müdafiəsi ilə məşğul olan 72-ci Briqadanın rotasiyasının aparılmamasını göstərirlər.
Eyni zamanda, ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) analitikləri hesab edirlər ki, Uqledarın tutulması Donetsk bölgəsində hücum əməliyyatlarının gedişatını kökündən dəyişə bilməyəcək. Çünki Uqledar xüsusilə vacib logistika mərkəzi deyil. Üstəlik, işğalçılar onsuz da şəhərə gedən əsas yolların əksəriyyətinə nəzarət edirdilər.
Qeyd edək ki, müharibədən əvvəl 15 min əhalisi olan bu kiçik şəhər “rus dünyası”nın gəlişi səbəbilə demək olar ki, bütünlüklə yerlə yeksan edilən növbəti yaşayış məntəqəsidir.
“AzPolitika.info”


Şərhlər