1 sentyabr növbədənkənar parlament seçkilərində formalaşmış Naxçıvan Ali Məclisinin ilk sessiyası keçirilib.
Sessiyada Ali Məclisin yeni sədri və onun müavinləri, başqa sözlə, Muxtar Respublikanın yeni rəhbərliyi seçilməli idi. Lakin iclas artıq yekunlaşıb və nə qədər absurd görünsə də, Ali Məclisin sədrinin seçilmədiyi sessiyada sədrin müavinlərinin kimliyi müəyyənləşib.
Belə ki, Bəxtiyar Məmmədov Ali Məclis sədrinin birinci müavini, Arzu Abdullayev isə müavini seçiliblər.
Bəs Ali Məclisin sədri, başqa sözlə Naxçıvan MR-in konstitusion rəhbəri postu niyə boş saxlanılıb? Sədr seçilmədən onun müavinlərinin seçilməsi MR Konstitusiyasına, Azərbaycan qanunlarına və ümumiyyətlə məntiqə nə dərəcədə uyğundur?
"AzPolitika.info"-ya daxil olan məlumata görə, Ali Məclisin sessiyasında guya sədrin seçilməsinə cəhd olunub - məqsədli şəkildə formal bir səsvermə keçirilib. Belə ki, sədr vəzifəsinə 27 saylı Naxçıvan şəhər seçki dairəsini təmsil edən Məmmədzadə Vüsal Əziz oğlunun namizədliyi səsə qoyulsa da, o, tələb olunan 23 səsi almadığından sədrin seçilməsi məsələsi təxirə salınıb.
V.Məmmədzadə deputat seçilənədək Babək Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləyib. MR-də heç kimin tanımadığı Məmmədzadənin namizədliyi təbii ki, formal xarakter daşıyıb. Onun namizədliyinin irəli sürülməsi, altdan da sözəbaxan deputatlara ona səs verməməklə bağlı təlimatın verilməsi bu məqsədə xidmət edib ki, MR Konstitusiyasının pozulması hesabına olsa da, sədrin seçkisi baş tutmasın, sədrin səlahiyyətləri birinci müavin seçiləcək Bəxtiyar Məmmədovda saxlanılsın. Çünki MR Konstitusiyasında sədrin seçilməsilə bağlı son 5 ili Naxçıvanda yaşamaq tələbi var ki, B.Məmmədov bu tələbə cavab vermirdi. Ona görə də faktiki olaraq sədr vəzifəsini ləğv ediblər ki, səlahiyyətləri B.Məmmədova vermək mümkün olsun.
Bu, dolayısı ilə olsa da, MR Konstitusiyasının kobud şəkildə pozulmasıdır və sədrin səlahiyyətlərinin birinci müavinə verilməsinin qanuniliyi məsələsini də ciddi şəkildə şübhə altına salır. Məntiqlə, Konstitusiya bir şəxsin sədr seçilməsini qadağan edirsə, həmin şəxsin uzun müddət sədrin səlahiyyətlərini icra etməsini də qadağan edir. Lakin belə görünür ki, Naxçıvanda kimlər üçünsə Konstitisiyanı ayaqlar altına atmaq o qədər də çətin olmayıb.
Başqa bir sual da meydana çıxır: Həqiqətənmi o boyda Muxtar Respublikada Ali Məclisin sədri vəzifəsinə layiq bilinən bir nəfər tapmaq mümkün deyildi? Nə məcburiyyət var idi ki, Konstitusiyanı pozmaq, onu ayaq altına atmaq bahasına Bəxtiyar Məmmədov adlı dünənədək Naxçıvanda heç kimin tanımadığı, bu bölgənin insanı və inkişafı üçün heç bir xidməti olmamış, hətta uzun illər burda yaşamamış, qeyri-adi bacarığı, qabiliyyətilə seçilməmiş bir şəxsi Naxçıvanın başına keçirsinlər? Məgər, Naxçıvanda vicdanlı məmur, siyasətçi, şəxsiyyət qıtlığı var ki?! Bəs deyirdilər Naxçıvan böyük şəxsiyyətlər, siyasətçilər, dövlət xadimlərinin vətənidir?!
Qısası, Naxçıvan yağışdan çıxaraq yağmura düşüb…
“AzPolitika.info”
***
1 sentyabr növbədənkənar parlament seçkilərində formalaşmış Naxçıvan Ali Məclisinin ilk sessiyası keçirilir. Sessiyada Ali Məclisin yeni sədri və onun müavinləri, başqa sözlə, Muxtar Respublikanın yeni rəhbərliyi seçiləcək.
"AzPolitika.info" "Şerqapısı.az" saytına istinadla xəbər verir ki, sessiyada Ali Məclis sədrinin birinci müavini və müavini seçilib. Belə ki,Bəxtiyar Məmmədov Ali Məclis sədrinin birinci müavini, Arzu Abdullayev isə müavini seçiliblər.
Maraqlıdır ki, Ali Məclisin sədrinin seçilməsi barədə məlumat verilmir. Sədr vəzifəsinə əsas namizəd sayılan Bəxtiyar Məmmədovun sədrin birinci müavini seçilməsi ondan xəbər verir ki, ya sədr vəzifəsinə başqa namizəd var, ya da sədr ümumiyyətlə seçilməyəcək.

Şərhlər
Unutmamalıyıq ki, o yerdə ki xalqın referendumla qəbul etdiyi konstitusiyanın müddəları bu şəkildə pozulursa, o ölkədə qanunun aliliyindən söhbət gedə bilməz. Görünür ki, Ölkə Başçısına təklifləri hazırlayıb, ona təqdim edənlər idarəetmədə ya çox naşıdırlar, ya da bunu məqsədyönlü şəkildə edirlər. Bu isə, istənilən halda dövlətin nüfuzuna böyük xələl gətirmiş olur. .Dəfələrlə, mətbuat da və sosial şəbəkələrdə mövcud idarəetmə sisteminin köhnəldiyini dilə gətirdik və bildirdik ki, bunun üçün təcili Konstitusiyada köklü islahatlara gedib sistemi dəyişmək lazımdır. O sistem ki, Ölkə Başçısı Özü də rəsmi çıxışlarında sistemin köhnəldiyini bir zad dilə gətirmişdir. Məhz bu baxımdan vəziyyətdən çıxmaq üçün Ölkə Başçısı Qarabağda sınaq üçün özünün regonal nümayəndəliklərini yaratdı. Ardınca, bu nümayəndəlik Naxçıvanda da yaradıldı. Keçən müddət ərzində mətbatdan gələn xəbərlər bu təyinatın Naxçıvanda xaotik bir vəziyyətin yaranmasına gətirib çıxardığını göstərdi. Çünki, Naxçıvan fərqli bir bölgə. Naxçıvan Muxtar qrumdur və onun özünün konstitusiyası var. Bu da nəticəsi. Ona görə də bütün bu qeyrimüəyyənliklərə son qoymaq üçün, bir an əvvəl ən uzağı qarşıdakı yarım il ərzində Konstitusiyada köklü islahatlar aparıb, indik növbədənkənar seçgi ilə yarımçıq doğulmuş məclisi buraxıb (zatən 7-ci çağrışın birinci iclasından da göründü ki, "deputatların" əksəriyyəti məclisə yatmaq üçün düşüblər, özü də Ölkə Baçısının kürsüdə Ölkənin taleyüklü məsələlərindən danışdığı vaxt da), referenduma və yeni seçgilərə gedib mövcud idarəetmə sistemini kökündən dəyişmək lazımdır. Əks halda Ölkə Başçısının sosial iqtisadi və xüsusən də kadr islahatı ilə bağlı qarşıya qoymuş olduğu hədəflərə ulaşmaq, sadəcə zaman alacaq. Əminik ki, cənab Prezident. Qarabağda və xarici siyasətdə göstərmiş olduğu əzmikarlıq və qətiyyəti, nəhayyət də bu sahədə də göstərəcəkdir. Çünki, çox gecikirik, özü də çox-çox.
Qanun sayan yoxdursa ,elə saxta beş il düzəldib ,sədr seçərdilər,daha bir-iki il gözləməyə ehtiyac yox idi ,onsuzda hamısı saxtakarlıqla təyin olunublar ,sonra da irad tuturuq ki ,Qərb bizi qısqanır ,elə qısqanılacaq ölkə halına gəlmişik ,ölkənin bu qədər savadsızlaşdırılması faciyədir
Açıq-aydın görünür ki, Muxtar respublikada feodal qarşıdurması baş verir. Tiranlar bir-birinə əzəlıə göstərir. Respublikaya başçı yox, ağa seçmək uğrunda mübarizə gedir. Sanki respublikaya sədr deyil, tayfa başçısı seçirsiniz. Bir bilsəniz kənardan nə kökdə görünürsünüz.
Indiyedek Naxcivan meclisinde yaddaqalan sessiya Anar Ibrahimovun sedrliyi ile olub. Yerli hökumetin fealiyyetindeki noqsanlar seslendirilmişdi. Indi ise fati qalx fati otur meselesi olacaq
Butun bunlari Prezidentin milli meclisde cixisi zamani murguleyen edalet veliyevden sorushmaq lazimdir.
Bizim ölkədə özlərinin yazdıqları konstitusiya, qanunlar boş şeydir. Bizdə hər şey adamların kefi və istəyi ilə ilə idarə olunur. Avtoritar ölkələrdə belə şeylər adi haldır.
Bu “böyük analtik” yazını yazanda adını unutdun deyən?! Adını gizlədib sağa sola söz atmaqdansa ya sus ya da peşənə hörmət qoy. Kimi danlayıb, kimə yarınıb, kimi tərifləyirsən?!
Ayıbdir beyler, ayıbdır....