ABŞ-ın Əfqanıstan, Pakistan və Taylanddakı səfirlikləri bu ölkələrin ərazisində olan Amerika vətəndaşlarına Mərkəzi Kəşfiyyat İdarəsindəki (MKİ) işgəncələr barədə hesabatın dərci ilə əlaqədar mümkün etirazlarla bağlı bildiriş yollayıb.
SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bildirişdə “məxfiləşdirilmiş hesabatların, MKİ-dəki işgəncələr üzrə Senat komitəsinin çıxarış və yekun fikirlərinin dərcinin ABŞ əleyhinə etirazlar və ölkə vətəndaşları da daxil olmaqla, ABŞ maraqlarına qarşı zorakılığa səbəb ola biləcəyi, eləcə də ABŞ vətəndaşlarının özləri və yaxınları ilə bağlı müvafiq təhlükəsizlik tədbirləri görməli, nümayişlər və münaqişəli vəziyyətlərdən yayınmalı olduqları" bildirilir.
Bildirək ki, ABŞ Senatının Kəşfiyyat komitəsi ötən gün altı min səhifədən ibarət sözügedən hesabatın 500-dən çox səhifəsini açıqlayıb. Hesabatda işgəncələr, hökumət və cəmiyyətə yalan məlumat vermə, o cümlədən terrorizmdə şübhəli bilinən ən azı 26 nəfərin qanunsuz saxlanılması, kiçik Corc Buşun prezidentliyi dövründə MKİ-də bir sıra sui-istifadə halları barədə məlumat verilib.

Şərhlər