Menu

“Uzunmüddətli sülhə doğru... yanlış yol” – Azərbaycanlı ekspertlə Aİ rəsmisi arasında virtual dialoq

28.09.2024, 16:52
“Uzunmüddətli sülhə doğru... yanlış yol” – Azərbaycanlı ekspertlə Aİ rəsmisi arasında virtual dialoq

“Avropa İttifaqı (Aİ) rəsmisi Peter Stano Ermənistanın dövlət mediasına müsahibəsində təfərrüat və dəqiqləşdirmə tələb edən bir sıra açıqlamalar verib. Başa düşmək lazımdır ki, Aİ hələ də vasitəçilik axtarır, amma əslində o, artıq Ermənistanın tərəfini tutur”.

“AzPolitika” xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov bildirib.

Ekspert Aİ nümayəndəsinin vurğuladığı tezisləri qeyd etməklə onlara virtual cavablar verib:

“Azərbaycan Prezidenti İlham Əliyevin Aİ-nin Ermənistandakı missiyasını tənqid etməsini və Ermənistanın militarlaşdırılması ilə bağlı bəyanatlarını əsassız hesab edirəm;

Ermənistanın hərbiləşdirilməsindən xəbərim yoxdur. Ermənistanın öz müdafiə potensialı üzərində işləmək və tərəfdaşlarını seçmək kimi suveren hüququ var”.

F.Məmmədov qeyd edir ki, əvvəla, Azərbaycan Prezidentini tənqid etmək, onun dediklərinə dəyərləndirmə xarakterli açıqlamalar vermək P.Stanonun səviyyəsinə uyğun deyil, Aİ rəsmisi öz yerini blməlidir: “İkincisi, Ermənistan 25 il ərazində Azərbaycan ərazilərini işğal altında saxlayan və güc tətbiq edilənə qədər qoşunlarını çıxarmayan işğalçı ölkədir. Bunun da günahı işğalçı ölkəyə qarşı sanksiyalar tətbiq etməyən Aİ-nin üzərinə düşür. Aİ Ermənistanı işğalçı ölkə kimi tanımırsa, bu, fakt demək deyil. Üçüncüsü, Ermənistanın Baş naziri ölkə konstitusiyasında, qanunvericiliyində ərazi iddialarını aradan qaldırmır, işğalçılıq siyasətinin elementlərini saxlayaraq ATƏT-in Minsk Qrupunu buraxmaqdan imtina edir. Bu şəraitdə Ermənistanın hərbiləşdirilməsi Azərbaycanın haqlı qıcıqlanmasına və etirazlarına səbəb olur”.

Fərhad Məmmədov daha sonra P.Stanonun digər tezislərinə diqqət çəkir: “Aİ-nin Ermənistandakı missiyası silahsız və mülki missiyadır və İttifaqın bölgəyə sülh gətirmək səylərini dəstəkləmək üçün yerləşdirilib;

Missiya Ermənistan hakimiyyətinin tələbi ilə fəaliyyətə başlayıb və beynəlxalq səviyyədə tanınmış sərhədin yalnız Ermənistan tərəfində fəaliyyət göstərir. O, qərəzsizdir və dəqiq müəyyən edilmiş mandata malikdir”.

Politoloq xatırladır ki, Aİ missiyasının 2022-ci ilin oktyabrında Praqada keçirilən sammitdən sonra 2 aylıq müddətə fəaliyyətə başlaması Azərbaycanla razılaşdırılıb. Onun sözlərinə görə, missiyanın məqsədi sərhədin müəyyən edilməsi prosesinə dəstək olmaq idi: “Aİ-nin Ermənistandakı missiyası müstəsna olaraq Azərbaycanla sərhəddə fəaliyyət göstərir, ona görə də Azərbaycanın missiyanın fəaliyyəti ilə bağlı mövqeyini bildirmək hüququ var;

Aİ missiyasının silahsız olmasına zəmanət yoxdur, çünki bunu yoxlamaq mümkün deyil. Bundan əlavə, orada təkcə Aİ ölkələri yoxdur, kəşfiyyatçılar isə silahla işləmir;

Sərhədlə bağlı hökumətlərarası komissiyanın reqlamenti qəbul ediləndən sonra Aİ missiyasının heç bir mənası yoxdur, çünki proses ikitərəfli formatdadır. Bu prosesdə Avropa Birliyinin missiyasının heç bir rolu yoxdur!”

Ekspert P.Stanonun daha bir neçə tezisini xatırladır və onlara cavab verir:

“Aİ fəaliyyətə başladığı gündən bu missiya Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına şərait yaratmağa kömək etməklə öz əhəmiyyətini sübut edib;

Missiya əhəmiyyətli sabitləşdirici təsirə malikdir, o cümlədən yerli əhaliyə müsbət təsir göstərir”.

F.Məmmədov isə deyir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında Aİ missiyasının qətiyyən əhəmiyyəti yoxdur. O vurğulayıb ki, Aİ missiyasının əməkdaşları ailələri üçün çəkdikləri videoları nümayiş etdirərək ictimaiyyəti aldadıblar.

“2024-cü ildə Ermənistan iki dəfə silahlı insident törədib. Azərbaycan sərhədçiləri yaralanıb. Birinci halda Azərbaycan cavab verdi, ikincidə Ermənistan faktı təsdiq edəndən sonra heç bir cavab verilmədi. Yəni burada Avropa İttifaqı missiyasının rolu olmayıb. Azərbaycan Ermənistanla sırf ikitərəfli formatda qarşılıqlı fəaliyyət göstərir və Aİ bu prosesin heç bir yerində yoxdur. Bir də qeyd olunur ki, Ermənistanın hərbiləşdirilməsi təhlükəsi olarsa, Aİ missiyası Azərbaycanın Ermənistan ərazisinin dərinliklərindəki fəaliyyətinə maneə olmayacaq. Ukraynanın və onun Rusiya ərazisinə hücumlarının nümunəsini burada misal gətirmək yerinə düşür”.

F.Məmmədov P.Stanonun “Missiya Ermənistanda yerləşdiyi gündən Azərbaycan hakimiyyətinə mütəmadi olaraq məlumat verilib və Aİ davamlı sülhə nail olmaq üçün hər iki tərəflə sıx əməkdaşlığı davam etdirəcək” açıqlamasını belə dəyərləndirib: “Azərbaycan 2022-ci ildə Aİ missiyası ilə iki ay əməkdaşlıq etdi, ondan sonra heç bir qarşılıqlı əlaqə yoxdur. Avropa İttifaqı neçə dəfə missiyanın rəhbərini Bakıya göndərməyə cəhd etsə də, alınmadı”.

Ekpert vurğulayıb ki, münasibətlərin normallaşması üçün siyasi iradənin qaldığı təqdirdə Azərbaycanın tərəfdaşları ilə intensiv hərbi əməkdaşlığı sülh prosesinə təsir etməyəcək. "Əlbəttə, ona görə ki, Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində öz silahlı qüvvələrindən istifadə edib. Azərbaycan işğalçı ölkə deyil”.

Aİ rəsmisi onu da qeyd edib ki, 2024-cü ilin iyul ayında İttifaq böhran vəziyyətlərində mülki əhalinin müdafiəsini yaxşılaşdırmaq üçün Ermənistana 10 milyon avro ayırıb. “Bu, Ermənistan silahlı qüvvələrinin maddi-texniki imkanlarının gücləndirilməsini nəzərdə tutur, lakin silah təchizatı deyil. Təklif olunan hərbi avadanlıq medianın iddia etdiyi kimi ölümcül deyil və qeyri-hücum silahlarıdır”, - Stano bildirib.

Fərhad Məmmədov isə cavabında qeyd edir ki, təcavüzkar ölkəyə hər cür kömək, təcavüzkar xarakterindən peşman olmayan Ermənistanın hərbiləşməsini xidmət edir: “10 milyon avro yardım hələ başlanğıcdır, daha çox olacaq. Cəmi 40 nəfər olan, sonra isə 200-ə yüksələn, 1000-ə çatdırılması planlaşdırılan Aİ missiyası buna daha bir əyani sübutudur”.

Ekspert qeyd edir ki, Peter Stanonun “Aİ nizamlanma prosesində qərəzsiz olmaqla həm Ermənistan, həm də Azərbaycanla sıx əlaqələr saxlayır və əməkdaşlıq edir” açıqlaması da doğru deyil: “Qranada bəyanatından sonra Aİ qərəzsiz ola bilməz, Aİ tərəf tutdu və Bakının inamını itirdi”.

Fərhad Məmmədov Aİ-nin 2020-ci ildən bəri Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün təxminən 13 milyon avro ayırması, 2024-2025-ci illər üçün daha 10 milyon avro vəd etməsi ilə bağlı P.Stanonun dediklərinə cavab olaraq, Avropa İttifaqına təşəkkür edib və ayrılan vəsaitin az olduğunu vurğulayıb: “Avropa İttifaqı Qarabağın bərpasına yardım etməyib. Yəni, Aİ Qarabağın bərpasında maraqlı deyil”.

Sonda azərbaycanlı ekspert Peter Stanonun “Aİ Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülhün bərqərar olması üçün səyləri dəstəkləməyə tam sadiqdir” tezisini belə cavablandırıb: “Cənab Stano, uzunmüddətli sülhə doğru yanlış yol tutursunuz!”

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol