Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayevi geri çağıraraq Rusiya Federasiyasına səfir təyin edib. Polad Bülbüloğlunun 18 illik diplomatik karyerasının sona çatması ilə Azərbaycanın Şimal qonşusunda səfiri də dəyişdi.
R.Mustafayev Avropadan qayıtsa da, Rusiya ictimai-siyasi mühitinə yad diplomat deyil. 61 yaşlı səfir 1980–1985-ci illərdə Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil alıb. Karyerasının 1994–1997-cı illər dövründə Azərbaycanın Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katib işləyib.1997–1999-cu illərdə Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub. 2000–2006-cı illərdə yenidən Azərbaycanın Rusiyadakı səfiriliyinə qayıdaraq müşavir vəzifəsini tutub.

Rəhman Mustafayevdən həm Azərbaycan cəmiyyətinin, həm Rusiya ictimai-siyasi həyatına qaynayıb-qarışmaq istəyənlərin, həm də bu ölkəyə çörək dalınca üz tutmuş yüzminlərlə azərbaycanlı miqrantın gözləntiləri var.
Rusiya, Azərbaycan dövləti qədər azərbaycanlılar üçün də vacib ölkədir. İttifaq dövründən qalan bağlar, müstəqilliyin ilk illərindəki çətin sosial-iqtisadi şəraitin diqtəsi altında başlayan iqtisadi-ticarət əlaqələri sonrakı dövrlərdə daha da genişlənərək milyonları əhatə edib. Bu ölkəyə əmək miqrantı kimi üz tutan başqa postsovet ölkələrinin vətəndaşları ilə yanaşı azərbaycanlıların da dolanışığı rus bazarlarından çıxıb. Son illərdə Rusiyanın cəlbediciliyi xeyli azalsa da, böyük bazar kimi yenə də əhəmiyyətini qoruyub saxlayır. Bu ölkədən qazanılıb göndərilən yüz milyonlar Azərbaycanla yanaşı digər ölkələrdə sosial-iqtisadi sabitliyin qorunmasında, rifahın təmin olunmasında rol oynayır.
Əlbəttə, Rusiyada yaşayıb, işləyən azərbaycanlılar üçün şərait güllük-gülüstanlıq olmayıb. Rusiya kriminal şəbəkələrin ən geniş yayıldığı ölkələrdən biridir, hətta onu postsovet ölkələrindəki cinayətkar qrupları birləşdirən mərkəz də adlandırmaq olar. On illərdir bu şəbəkələr arasında gedən nüfuz müharibələri minlərlə insanın həyatını itirməsinə səbəb olub. Azərbaycanda az-az kəndlər tapmaq olar ki, onun azı 1 sakini Rusiyada öldürülməsin. Ölkənin hüquq-mühafizə orqanlarının bərbad işi, bir çox hallarda kriminal qruplaşmalarla ortaq hərəkət etməsi miqrantlar üçün ən böyük problemlərdən biri olub. Belə çətin şəraitdə əmək miqrantlarının ümid yeri ölkəsinin Rusiyadakı səfirliyi, konsulluqları olmalıdır. Amma təəssüf ki, Azərbaycan səfirliyi həmvətənlərimizin bu ümidlərini heç vaxt doğrultmayıb. İctimailəşən bəzi insidentlər xaric, başda Polad Bülbüloğlu olmaqla, azərbaycanlı diplomatların vətəndaşların problemləri ilə məşğul olduğunu görən olmayıb. Məsələn, ötən 3 onillikdə minlərlə azərbaycanlı Rusiyada kriminal razborkalarda öldürülsə də, onların qanı batırılıb, çünki hüquq-mühafizə orqanlarından araşdırma tələb edən səfirlik olmayıb...
Yaxud, Azərbaycan səfirliyinin qapıları sənədələri qaydasında olmayan, digər səbəbələrə görə çətinliklərlə üzləşən azərbaycanlıların üzünə bağlı olub. Mediada konsulluq xidmətlərində dəfələrlə rüşvət, korrupsiya, süründürməçilik halları barədə şikayətlər dərc edilsə də, nəticəsiz qalıb.
Rusiyada 2 milyona yaxın azərbaycanlının yaşadığı haqda statistik məlumatlar var: olduqca böyük rəqəmdir, onların 600 minə qədəri bu ölkənin vətəndaşlığını əldə edib. Amma bu rəqəmlərin müqabilində Rusiyadakı Azərbaycan diasporu hansı vəziyyətdədir? Səfirlik azərbaycanlıların təşkilatlanması, rus ictimai-siyasi mühitində aktiv iştirak etməsi ilə bağlı hansı işi aparıb? Azərbaycanlılar seçkili orqanlarda necə təmsil olunurlar, mediada, vətəndaş cəmiyyətində, siyasi partiyalarda və başqa sahələrdə niyə azdırlar?
Bunlar Azərbaycan dövlətinin Rusiyadakı maraqlarından biridir - ictimai-siyasi sferada yetərli səviyyədə təmsil olunmaq, nüfuz qazanmaq, yumşaq güc əldə etmək... Bu işi təşkil etmək ilk növbədə Azərbaycanın bu ölkədəki səfirliyinin üzərinə düşür.
Azərbaycan Respublikasının bütün yüksək dövlət mükafatlarını əldə etmiş Polad Bülbüloğlu 18 illik səfirliyi dövründə dövlət maraqlarını olduqca pis təmsil edib, ictimai çıxışlarında bəzən onu rus məmurlarından fərqləndirmək çətin olub. Burada Rusiya Prezidenti V.Putinin onu xidmətlərinə görə “Aleksandr Nevski ordeni” ilə təltif etməsi o qədər də təəccüblü görünmür. Çünki bir səfir kimi o Rusiya hökumət orqanlarını azərbaycanlıların problemlərinə görə az narahat edib, bəlkə də heç etməyib...
Yeni səfir Rəhman Mustafayevin Rusiyadakı diplomatik fəaliyyətinə sadalanan problemlərin öyrənilməsindən başlaması yaxşı olardı. O, səfirliyi Bülbüloğlunun dünya görüşünə uyğunlaşdırılmış idarəetmədən çıxarıb dövlət maraqlarına, azərbaycanlılara xidmətə qaytarmalıdır. Bu, səfir kimi ondan hamının gözləntisidir.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
A, bedbaxt ushagi, sefir kimdir ki, Azerbacan hokumetinin raziligi olmadan qanunuygun hereket etsin, rusiya buraya oz kolesi kimi baxir, neden danishirsiniz?
İndi də bu yaraşıqla, bu görkəmdə məclisi vidə mindirəcək. Adamın özündə də bir həya olmalıdır ki, kəndinə bir dur deməyi deyə bilsin..Amma nərdəəə
Polad hansı ixtisasa,diplomatik təcrübə sahibi olub ki,onu Rysiya kimi iri dövlətə səfir təyin ediblər?e....İndi onu deputat etdilər.Bu necə anlaşıla bilər? Bir manısı bu qədər yüksəltməyin sirri nədir?,
Fransada abad elədi indi Rusiyada abad edəcək... Gözləntilər varmış, sadəlövh millət
Xandostu amandı qoyma gəldi.
Xortdandı.xuxandı qoyma gəldi.
Ə.bu Polad nəyə oxşayır?İnsan qocalanda niyə belə eybəcər olur?
Bəli, post-sovet axınında digər iki respublika RF əsaslı oturuşsalar da, bir sıra azərbycanlılar məhv edilib və geri qayıtmağa məcbur olublar. Digər iki respublikadan daha iki milyon nəfər RFna köçübsə, Azərbaycana azı bir milyondan ailə köçmək məcburiyyətində qalıb? Üç qardaş və müttəfiq dövlətlər heç olmazsa MDB naminə deport və əski DQMVnin Hərbigenosid işğalını birgə mühakimə edə bilərdilər?