“Rusiya Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin Bakıya səfəri barədə mətbuatda qeyd edilənlər məsələnin görünən tərəfləridir. İran-İsrail arasında gərginliyin perspektivdə bölgəyə təsiri, Gürcüstanda keçiriləcək parlament seçkilərinin Rusiya üçün gözlənilməz nəticələri və qonşu ölkə kimi Azərbaycanın buna reaksiyası və s. məsələlər müzakirə oluna bilərdi”.
Bunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “AzPolitika”-ya şərhində bildirib.
“O cümlədən, Ermənistan-Azərbaycan münasibətlərinin hansı istiqamətdə inkişafı, Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, Azərbaycanın reaksiyası müzakirə oluna biləcək mövzulardır”, - o, əlavə edib.
Ekspert qeyd edir ki, bunlar ehtimallardır və səfərin detalları bizə məlum deyil: “Bir məsələni də qeyd edək ki, Qərb dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərinin postsovet respublikalarına səfərləri Rusiyada hər zaman qısqanclıqla qarşılanıb. Bu ilin sentyabrın 14-də Böyük Britaniya “Mİ 6” kəşfiyyat xidmətinin rəhbəri Riçard Mur Bakıya səfər edib ADA-da mühazirə oxumuşdu. Əlbəttə, bu da “Mİ 6” şefinin səfərinin görünən tərəfi idi. Əsil səbəb məxfi olaraq qalır. Rusiya Kəşfiyyat Xidmətinin rəhbərinin Murun səfərindən 3 həftədən sonra baş tutması kompensasiya məqsədli də ola bilər”.
İlham İsmayıl deyir ki, Rusiya FTX rəhbəri Bortnikovun NATO qüvvələrinin sülhməramlı adı altında Güney Qafqaza gələcəyi barədə verdiyi məlumat Narışkinin səfərinin əsas məqsədini də özündə ehtiva edə bilər.
“Rusiya kəşfiyyat şefinin səfərinin məqsədinin bu məlumatın detallarını Azərbaycan rəsmiləri ilə müzakirə etmək olması da inandırıcı təsir bağışlayır”, - ekspert qeyd edib.
Rasim
“AzPolitika.info”


Şərhlər