Rusiyada yaşayan erməni biznesmen Levon Ayrapetyan Dövlət Dumasının qəbul etdiyi iqtisadi amnistiyaya düşür. Ayrapetyanın vəkili Rudolf Ambarsumov dekabrın 10-da Moskvanın Basmannı Rayon Məhkəməsində belə açıqlama verib.
Moskvanın Basmannı Rayon Məhkəməsi bu il iyulun 17-də Ayrapetyanın həbsinə qərar verib. O, pul vəsaitlərini talamaqda, çirkli pulların yuyulmasında ittiham olunur. İstintaq erməni iş adamını “Başneft”in Rusiyanın “Sistema” Səhmdar Maliyyə Korporasiyasına satılması işində şübhəli bilib.
Oktyabr ayında Ayrapetyan ev dustaqlığına buraxılıb.
“Media forum” saytının məlumatına görə, 10 dekabr açıqlamasında Ambarsumov deyib ki, Ayrapetyanın qarşısında yalnız dövlətə vurduğu ziyanı ödəmək şərti qoyula bilər: “Ayrapetyan isə zərər vurmayıb, çünki İstintaq Komitəsinin ziyanın kompensasiya olunması ilə bağlı iddiası ona yox, “Sistema” şirkətinə qarşıdır”.
Vəkil Ayrapetyanın xərçəng diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini əlavə edib.
Erməni diasporunun ən varlı nümayəndələrindən olan Ayrapetyan 1949-cu ildə Dağlıq Qarabağın Vəng kəndində doğulub. O, Dağlıq Qarabağda separatçı rejimin yaradılmasında və maliyyələşməsində fəal iştirak edib.


Şərhlər