Rusiya texnologiya şirkəti "Yandex"in taksi bölümü ötən ay əhaliyə və hökumətə ciddi xəbərdarlıq edib.
“AzPolitika” xəbər verir ki, şirkət ölkədə miqrantlara qarşı təqiblər üzündən taksi qiymətlərinin xeyli bahalaşacağını açıqlayıb.
"Yandex Taksi"-nin hökumətlə bağlantılar şöbəsinin rəhbəri Anton Petrakov sentyabr ayında Vladivostokda keçirilən iqtisadi forumda demişdi ki, Rusiya 130 minədək taksi sürücüsünün çatışmamasından əziyyət çəkəcək. "Qiymətlər qalxacaq, qiymətlərdəki dəyişiklik ildən-ilə onlarla faiz olacaq". Petrakov bildirib ki, problem özü-özünə çözülməyəcək.
Yerli media yazır ki, ötən il qəbul edilən taksi xidmətləri qanununun bu payız qüvvəyə minməsi fonunda bazardakı dəyişikliklər hiss olunmağa başlayıb. Əcnəbilərin, özəlliklə Orta Asiyadan gələnlərin kütləvi şəkildə ölkəni tərk etməsi artıq Rusiya iqtisadiyyatının bir çox sahəsinə təsirini göstərib. Mart ayında Moskva yaxınlığındakı "Crocus City Hall" konsert salonuna hücumun ardınca hökumət miqrantları təqib etməyə başlayıb.
Reyd və deportasiyaların artması 145 nəfərin ölümü ilə nəticələnən bu hücumun təsiri ilə qızışan yeni miqrant fobiyasından qaynaqlansa da, biznes təmsilçiləri iş bazarının xarici işçilərə kəskin ehtiyac duyduğunu hökumətə xatırladırlar.
Rəsmi rəqəmlərə görə, Rusiya ilin ilk yarısında 100 minə yaxın əcnəbini deportasiya edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53 faiz daha çox deportasiya deməkdir. Bu kampaniyada, əsasən, orta asiyalılar hədəf alınır. Bunun "Crocus" hücumunda Tacikistan vətəndaşlarının günahkar bilinməsi ilə bağlı olduğu bildirilir.
"Crocus" hücumundan sonrakı aylar boyunca Rusiyanın 19 bölgəsi miqrantların taksi və digər ictimai xidmət sahələrində çalışmasını yasaqlayıb.
Bu qadağalar Qırğızıstandan olanlara şamil edilmir, çünki Qırğızıstan Ermənistan, Belarus, Qazaxıstan və Rusiya ilə birlikdə Avrasiya İqtisadi Birliyinin (AİB) üzvüdür. Ancaq sözügedən qadağalar onları daha öncə işləməyin asan sayıldığı bu sahədə qalmağa çox da həvəsləndirmir.
Qeyd olunur ki, paytaxtda qymətlər 50-70 faiz bahalaşıb, yaxın aylarda daha yüksək rəqəmlərin olacağı qaçılmazdır.
“AzPolitika.info”


Şərhlər