“Qloballaşan dünyada dövlətlər təkbaşına öz təhlükəsizliyini təmin edə bilmirlər. Ona görə də diqqət yetirsək, görəcəyik ki, regional təhlükəsizlik kontekstində regiona təhdid olan aqressiyalara və informasiya müharibəsinə qarşı aparılan birgə mübarizə daha effektiv olur".
“AzPolitika” xəbər verir ki, bunu Hakim Yeni Azərbaycan Partiyasından (YAP) Milli Məclisin deputatı Hikmət Babaoğlu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkinin Azərbaycana səfərini "Turan"-a şərh edərkən deyib.
Xatırladaq ki, bu səfərlə bağlı Azərbaycan tərəfi hər hansı məlumat yaymayıb. Rusiya XKX-nin yaydığı məlumatda isə qeyd olunur ki, S.Narışkinin Azərbaycan rəsmiləri ilə görüşündə xaricdə anti-Rusiya və anti-Azərbaycan xarakterli təxribatçı aksiyaları vaxtında aşkarlayaraq önləməkdən bəhs edilib. "Xarici xüsusi xidmətlərin Rusiya ilə Azərbaycan ərazilərində ictimai-siyasi sabitsizlik yaratmaq məqsədilə sistemdənkənar müxalifətdən və beynəlxalq terrorçu təşkilatlardan istifadəsinə qarşı birgə səyləri gücləndirməyin vacibliyi qeyd edilib", – qurumun məlumatında vurğulanır.
Hikmət Babaoğlu Prezident İlham Əliyevin hələ VII çağırış parlamentinin açılışında ölkəyə qarşı hibrid müharibənin aparıldığını dediyini xatırladır və sitat gətirir: "Bu, doğrudan da belədir. Hibrid müharibənin çoxlu müxtəlif komponentləri var: terror, informasiya terroru, ictimai rəyin zəiflədilməsi, demokratiya, insan haqları kimi dəyərlərdən öz məqsədlərində istifadə və digərləri. Bu hibrid müharibəni həyata keçirmək üçün çoxlu sayda universal alətlər var".
H.Babaoğlu Azərbaycanın hibrid müharibələrə qarşı seçdiyi metodlardan da söz açıb: "İlk növbədə burada Türk Dövlətləri Təşkilatları formatında ortaq mübarizə müəyyənləşdirilib. Bir daha qlobal kontekstdə yanaşanda Müstəqil Dövlətlər Birliyi məkanında da bu sahədə görüşlər keçirilir. Ona görə də Narışkinin fikirlərini bu kontekstdə qiymətləndirsək, daha doğru nəticələrə gələ bilərik".
Onun fikrincə, burada Azərbaycanın və ya digər ölkənin daxili işlərinə qarışmaqdan daha çox ortaq təhlükəsizliyin təmin edilməsi məsələlərinin önə çıxdığı görünür: "Nəticə etibarilə Qərb bizi də, Rusiyanı da özündən görmür. Biz Qərb üçün özgəyiksə, onda həm də Qərbin hibrid müharibələrinin obyektiyik".
“AzPolitika.info”

Şərhlər
Rusiya və Azərbaycan hakimiyyəti. Öz xalqına ðivan tutur kölə vəziyyətində yaşadır. Sizlər olmasanız Azərbaycan Respublikası avropa İttifaqının üzvü olardı .Çünki xalqlar bunu istəyir .amma siz krallıq istəyirsiniz avropa isə demokratik azerbaycan istəyir?)))
Rusdan bize dost olmaz!!
Çox doğru deyirsiz , Azərbaycan xalqının əksəriyyəti də nə Rusyanı nə də təyin olunmuş deputatları özündən görmür .