Nikol Paşinyanın Azərbaycana münasibətdə əvvəl əldə edilən razılıqlara adekvat olmayan, qeyri-stabil, hətta bəzən qeyri-ciddi təsir bağışlayan siyasətinin ermənilərə çox baha başa gələ biləcəyini Ermənistanda da anlayırlar. Bu baxımdan bir çox erməni politoloqların regionda növbəti hərbi qarşıdurma ehtimalı və Ermənistanın dövlət kimi mövcudluğunun sual altına düşməsi perspektivi barədə narahatlıqları artır.
“AzPolitika” xəbər verir ki, Ermənistan mediasına açıqlama verən tanınmış politoloq Vahe Ovannisyan Paşinyanın 10 noyabr sazişindən imtina etməsinin Azərbaycanın hərbi əməliyyatları bərpa etməsinə hüquqi əsaslar yaradacağını deyib: “Əgər Ermənistan noyabrın 9-da imzaladığı sənədi (2020-ci il 10 noyabr üçtərəfli sazişi-red.) geri götürsə, bu, Azərbaycanın hərbi əməliyyatlara başlaması üçün birbaşa legitim hüquqa çevriləcək və Azərbaycan bunu edəcək. Ermənistan öz imzasından imtina etsə və bu istiqamətdə işləməsə, heç bir addım atmasa, bu, yenə də Azərbaycanın ruslara və regional oyunçulara “Mənim məsələni hərbi yolla həll etməyə qanuni haqqım var” deməsinə qanuni haqq yaradır. Çünki bu, o deməkdir ki, bu şəxs (Paşinyan-red.) öz imzasına hörmət etmir”.
Politoloq hesab edir ki, əslində, 10 noyabr sazişində Ermənistanın maraqlarına uyğun olan məqamlar var. Onun fikrincə, Paşinyan hakimiyyəti ağıllı siyasət yürütsə, hətta bu sənəd ermənilərin Qarabağa qaytarılmasına kömək edə bilər. Ovannisyan Azərbaycanın Qarabağdakı keçmiş separatrçı rejimin başçılarını mühakimə etməsinə də toxunub. O deyib ki, bu mövzu Paşinyanı ümumiyyətlə, maraqlandırmır: “Başa düşmək lazımdır ki, onları Bakıya niyə aparıblar? Məhkəmə araşdırması mütləq olacaq. Bu, şəxsi və milli alçaldılma tamaşası olacaq. İrəvanın faciəsi isə ondadır ki, onun bu prosesə qarşılıq verəcək ssenarisi yoxdur. Biz buna qarşı nə edəcəyik? Ermənistan hakimiyyəti bunu etməyəcək, ona bu lazım deyil”.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər