Menu

Overçukun “Rusiya şərti” – Ermənistan üçtərəfli razılaşmadakı öhdəlikdən imtina edib

10.10.2024, 15:34
Overçukun “Rusiya şərti” – Ermənistan üçtərəfli razılaşmadakı öhdəlikdən imtina edib

“Ermənistan və Azərbaycan öz sərhədlərini ticarət və səfərlər üçün yalnız Rusiyanın iştitrakı ilə aça bilərlər”.

“AzPolitika” erməni mətbuatına istinadla xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib. MDB dövlət başçılarının Moskvada keçirilən sammitinin sonunda Overçuk Ermənistanın Rusiyanın bu prosesdə iştirak etməsini istəmədiyini deyib.

O xatırladıb ki, İrəvan artıq bir ilə yaxındır Ermənistan - Azərbaycan nəqliyyat kommunikasiyalarının açılışı ilə məşğul olan üçtərəfli Rusiya - Ermənistan - Azərbaycan komissiyasındakı fəaliyyətini dondurub. Sözügedən komissiya 2020-ci il 9 noyabr atəşkəs razılaşmasına dair üçtərəfli bəyanatın həyata keçirilməsi üçün yaradılıb.

Bu bəyanatın 9-cu maddəsində deyilir ki, İrəvan Zəngəzur vilayətindən keçərək Azərbaycanı Naxçıvanla bağlayan dəhlizin açılmasına öhdəlik götürür. Lakin Moskvanın fikrincə, həmin maddədə bu da deyilir ki, bu dəhlizlə adamların, nəqliyyat vasitələri və yüklərin keçidinə Rusiya sərhədçiləri nəzarət etməlidirlər. Hazırda Moskvanı hər şeydən çox məhz bu müddəa narahat edir.

Rusiya xarici işlər naziri Sergey Lavrov avqustda nəqliyyat kommunikasiyasının açılmasını məhz İrəvanın əngəllədiyini bəyan etmişdi. Baş nazir Nikol Paşinyan və rəsmi İrəvan Lavrovun bu ittihamını sərt bir şəkildə rədd etmişdilər.

İrəvan israr edir ki, sözügedən 9-cu maddə Naxçıvanla Azərbaycan arasında hərəkəti Rusiya sərhədçilərinin müşayiət etməsini nəzərdə tutmur. Ermənistan, üstəlik, Ermənistanın sərhəd və gömrük postlarına Rusiya sərhədçilərinin nəzarətini də qəbul etmir.

Bunu Baş nazir Nikol Paşinyan Moskva sammitindəki çıxışında bir daha xüsusilə vurğulayıb: “Ermənistanın guya öz suveren ərazisində kommunikasiyalara üçüncü ölkələrin nəzarət etməsinə razılıq verməsinə və guya belə bir icazəni ehtiva edən hər hansı sənədin varlığına dair bütün iddialar sadəcə olaraq doğru deyil. Öz ərazisində təhlükəsizliyi təmin etmək hər bir ölkənin suveren vəzifəsidir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol