Ermənistanda İqtisadiyyat nazirinin müavini Narek Teryan istefa verib.

“AzPolitika” xəbər verir ki, məlumatı iqtisadiyyat nazirinin mətbuat katibi Lilit Şaboyan təsdiqləyib. O, yerli mətbuata bildirib ki, istefa Teryanın şəxsi qərarıdır.

Teryan 2021-ci ildən bu vəzifədə idi. Nazir müavini təyin olunmazdan əvvəl “Dialoq” konsaltinq şirkətində idarəedici partnyor vəzifəsində çalışıb.

Teryan İqtisadiyyat Nazirliyinin sənaye, MDB və Aİİ əməkdaşlığı, dövlət investisiyaları, ticarət və inteqrasiya sahələrini koordinasiya edib.

Hələ iyul ayında Korrupsiyaya Qarşı Mübarizə Komissiyası Narek Teryan və onun həyat yoldaşının fəaliyyətini istintaq etdiyi açıqlamışdı. “Civilnet” beynəlxalq tərəfdaşı ilə araşdırma aparıb və məlum olub ki, nazir müavininin həyat yoldaşı ərinin idarə etdiyi layihələrindən birində işləyir.

Bundan başqa Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan da bu gün tutduğu vəzifədən azad edilib. Vardanya enerji sektorunu koordinasiya edirdi və bu vəzifəni 2019-cu ildən tuturdu.

Nazirliyin mətbuat katibi Sona Arutyunyan qeyd edib ki, Vardanyan öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib.

Dünən Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasına sədrlik edən Qaregin Baqramyan da hökumətə istefa ərizəsi təqdim edib.


Onun istefası Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətdə “elektrik enerjisinin keyfiyyəti ilə bağlı problemlər və onların həlli imkanları” ilə bağlı keçirilən məsləhətləşmədən sonra olub.

Paşinyan abonentlərin keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasının vacibliyini vurğulayıb. 2024-cü il hökumət iclaslarından birində Baş nazir Nikol Paşinani elektrik enerjisində yaranan problemlərdən şikayətlənib. İclas zamanı hökumətin işıqları sönüb və tez bir zamanda bərpa olunub. Vətəndaşlar elektrik enerjisinin verilməsindən də şikayətlənirlər.

“AzPolitika.info”