Hər nə qədər Rusiyanın Ukraynanın Donbas bölgəsində uğurlu hücum əməliyyatları, zəbt etdiyi yaşayış məntəqələri və s. barədə məlumatlar verilsə də, gerçəklikdə bu irəliləyişlərin elə də böyük ərazini əhatə etmədiyi məlum olur.
“AzPolitika” xəbər verir ki, bu mövzuyla bağlı tanınmış ukraynalı hərbi ekspert Aleksandr Kovalenko maraqlı məlumatlar dərc edib: “Bir il əvvəl, 2023-cü il oktyabrın 10-da rus işğalçı qüvvələrinin Avdeyevkaya hücumu başladı və bu, cəbhənin digər hissələrini də aktivləşdirdi. Sonradan bu, 2022-ci ilin fevralında işğalın başlanmasından bəri ən böyük və ən uzun müddətli hücum adlandırılmağa başladı. Bəs rus işğalçıları bu sonsuz hücumlarla müşaiyət olunan il ərzində hansı nəticələrə nail oldular?
2023-cü il oktyabrın 10-dan etibarən Rusiya işğalçı ordusu bir çox sahələrdə aktivləşib. Bu, təkcə Avdeyevka deyil, həm də Kuraxovo, Kramatorsk, Liman-Kupyansk oxu, Siverskoye istiqamətidir. Lakin işğalçılar üçün irəliləyiş baxımından ən uğurlu olan, hazırda Pokrovsk-Kuraxovo adlanan Avdeyevka istiqamətidir.
Lakin bu istiqamət yalnız Rusiya hücumunun digər istiqamətləri ilə müqayisədə “uğurlu adlandırıla bilər, ümumilikdə mahiyyət etibarilə isə yox. Məsələ burasındadır ki, irimiqyaslı hərbi əməliyyatların aparıldığı son bir il ərzində Rusiya işğalçı qüvvələri döyüş xəttinin son nöqtəsindən (10 oktyabr 2023-cü il tarixinə) bu günə kimi cəmi 29,5 kilometr məsafə qət edib.
Qanlı qırğın ili - “Cənub” və “Mərkəz” iki qoşun qrupunun, bir neçə ordunun, xüsusən də 2-ci və 41-ci döyüşə ən hazırlıqlı briqadaların, 90-cı Tank Diviziyasının hissələrinin, 100-120 min canlı qüvvənin cəlb olunduğu istiqamət... Və Donetsk vilayətində 29 kilometrdən bir qədər çox dərinlikdə irəliləmək?
Üstəlik, bu irəliləyiş il ərzində rus işğalçı ordusuna operativ səviyyədə bir qələbə də gətirmədi. Onlarla kənd, qəsəbə və kiçik şəhər dağıdılıb ələ keçirildi, lakin bu məntəqələrin heç biri işğalçılara hücumu operativ səviyyəyə qədər genişləndirmək imkanı vermədi.
Ümumilikdə, hücum nəticəsində işğalçılar Ukrayna ərazisinin 1500 km²-ni ələ keçirdi. Əlbəttə ki, müqayisə etmək o qədər də düzgün deyil, lakin Ukraynanın Kursk bölgəsindəki nəzarət zonası hazırda 1100 km²-dən çoxdur”.
Doğrudan da son bir ildə 100 minlərlə canlı qüvvə və minlərlə hərbi texnika itkisi, Rusiyanın yaşadığı böyük iqtisadi problemlər, sanksiyalar və s. müqabilində Donbasın çöllərində cəmi 29 kilometrlik irəliləyiş əldə edilməsi yumşaq desək, o qədər də böyük uğur sayıla bilməz. 29 kilometrin nə demək olduğunu anlamaq üçün qeyd edə bilərik ki, bu, Bakı-Sumqayıt yolundan(33 kilometr) da azdır…
“AzPolitika.info”


Şərhlər