Menu

“Faşist və ən təhlükəli adam” - Trampın edam etmək istədiyi generaldan ilginc açıqlamalar

12.10.2024, 13:42
“Faşist və ən təhlükəli adam” - Trampın edam etmək istədiyi generaldan ilginc açıqlamalar

Tanınmış amerikalı jurnalist Bob Vudvordun "Müharibə" adlı kitabı hələ işıq üzü görməsə də onun mətbuatda dərc edilən bəzi hissələri böyük marağa səbəb olub.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Vudvordun kitabında ABŞ ordusunun keçmiş baş qərargah rəisi, məşhur general Mark Millinin Donald Tramp barədə ağır ifadələri yer alıb.

Jurnalist kitab üzərində işləyərkən 2019-2023-cü illərdə Baş Qərargah rəisi olmuş Milli ilə söhbət edib. Vudvordun yazdığına görə, general Trampın seçkidə qalib gələcəyi təqdirdə Ağ Evə qayıtması perspektivindən çox narahat olduğunu deyib. ABŞ-də Ali Baş Komandan istefada olan və onu tənqid edən zabitləri hərbi xidmətə çağıra və hərbi tribunala göndərə bilər. Bu ehtimalı istisna etmək olmaz. Pentaqonun keçmiş rəhbəri Mark Esper də Trampın onu tənqid edən zabitlərdən “intiqam almaq” istəyindən danışıb.

Milli Vudvordla söhbətində Tramp barədə deyib: “O, dünyanın ən təhlükəli adamıdır. Onun əqli qabiliyyətinin pisləşməsini və digər məsələləri sizə deyəndə şübhələrim var idi, amma indi başa düşürəm ki, o, tam bir faşistdir. O, bu ölkə üçün ən təhlükəli adamdır”.

General bundan əvvəl də keçmiş prezident haqqında tənqidi fikirlər səsləndirib. Məsələn, 2020-ci ildə Trampın fotosessiyası zamanı polis etirazçılara və jurnalistlərə qarşı gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edərkən Milli onun Birləşmiş Ştatlara “böyük və düzəlməz zərər vurduğunu” demişdi.

Vudvordun kitabında deyilir ki, Tramp tərəfdarları 2021-ci ilin yanvarında Kapitoliyə basqın etdikdən sonra Milli Baş prokuror Merrik Qarlandla görüşməkdə israr edərək onu “zorakı ekstremizm və ifrat sağçılar”la bağlı araşdırma açmağa razı salıb.

Tramp isə öz növbəsində Millini ondan gizli Çinlə ünsiyyətdə olmaqda ittiham edib və generalın “edam olunmağa layiq olduğunu” deyib.

Qeyd edək ki, sözügedən kitab oktyabrın 15-də “The Guardian” tərəfindən təqdim olunacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol