Menu

Nurçuların məhkəməsi başlayır

10.12.2014, 19:34
Nurçuların məhkəməsi başlayır

Bakıda nurçulara qarşı keçirilən əməliyyat zamanı tutulan şəxslərin məhkəməsi başlayıb. Vəkil Əsabəli Mustafayev “Media forum” saytına deyib ki, dekabrın 10-da Yasamal Rayon Məhkəməsində hakim Aqşin Əfəndiyevin sədrliyi ilə hazırlıq iclası keçirilib.

Aprelin 12-də paytaxtın Xıdır Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində nurçuluq dini təriqətinin sunqurçular cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirildiyi müəyyən edilib.

Rəsmi məlumata görə, Yasamal Rayon Polis İdarəsinin keçirdiyi əməliyyat nəticəsində evə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompüter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus pasportlar aşkar edilərək götürülüb. İş Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə aparılıb.

İşlə bağlı 5 nəfər - Eldəniz Hacıyev, İsmayıl Məmmədov, Zəkəriyyə Məmmədov, Rəvan Səbzəliyev, Şahin Həsənov ittiham olunur. Məhkəmədə 6 zərərçəkmiş şəxs, 36 şahid keçir.

Vəkil Əsabəli Mustafayev “Media forum” saytına deyib ki, hazırlıq iclasında işə xitam verilməsi haqqında vəsatət qaldırılıb: “Dini ədəbiyyatın yayılması, ittiham edilənlərin kiminsə hüququnu pozması haqqında sübutların olmadığını əsas gətirərək xahiş etdik ki, cinayət işinə xitam verilsin. Amma məhkəmə vəsatətləri rədd edib işi baxışa təyin elədi. Proses dekabrın 19-da başlayacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol