Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda “Sülh qovşağı” konfransındakı çıxışında Sünik (Qərbi Zəngəzur) vilayətindən keçən yola nəzarət funksiyasının Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə verilə biləcəyini istisna etməyib.
Maraqlıdır, 44 günlük müharibədən sonra dəhlizə israrla Ermənistanın nəzarət etməli olduğunu bəyan edən N.Paşinyanın mövqeyindəki dəyişikliyin səbəbi nədir?

Politoloq Elxan Şahinoğlu bildirir ki, bu, Nikol Paşinyanın Zəngəzur dəhlizi məsələsində geri addımı kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, Kreml dəhlizə nəzarət məsələsində uzun müddətdir Nikol Paşinyana təzyiq edirdi və görünür bu təzyiqin nəticəsi olub. “Rusiya Prezidenti Vladimir Putin Nikol Paşinyanla Moskvada son görüşündə Rusiya hərbçilərinin Ermənistan - İran sərhədinə nəzarəti erməni hərbçilərə təhvil verəcəyinə razılaşdı. Putin bunun qarşılığını almadan belə bir addım atmazdı. Görünür, Paşinyan Rusiyanın İran və Türkiyə ilə sərhədi tərk etməsinin qarşılığında Rusiya hərbçilərinin Zəngəzur dəhlizinə nəzarət etməsinə razılaşıb. Bununla Nikol Paşinyan 9 noyabr 2020-ci il üçtərəfli bəyanatın 9-cu bəndini yerinə yetirmiş olacaq”.
Politoloq hesab edir ki, Rusiya üçün Zəngəzur dəhlizini nəzarətə götürmək Azərbaycan - Ermənistan sülh sazişinin imzalanmasından daha əhəmiyyətlidir. “Saziş iki ölkə arasındakı münasibətlərin normallaşmasına, eyni zamanda Ermənistanın Türkiyə ilə sərhədinin açılmasına, ticarətin başlamasına, diplomatik əlaqələrin qurulmasına səbəb olacaq. Kremlin bunların heç birində marağı yoxdur, çünki Cənubi Qafqaza təsiri azalacaq. Rusiya bölgəyə təsirini Zəngəzur dəhlizinə nəzarət etməklə qoruya bilər. Ona görə də Kreml daha çox dəhlizə nəzarət mövzusuna maraq göstərir”, - o qeyd edib.
E.Şahinoğlunun fikrincə, Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsi nə Ermənistanın, nə də Azərbaycanın maraqlarına cavab verir: “Çünki İrəvan Ermənistan ərazisindəki nəqliyyat yolunun nəzarətini başqa dövlətin ixtiyarına verir. Üstəgəl, bu qərar Paşinyanın Qərbdəki tərəfdaşlarının xoşuna gəlməyəcək. Azərbaycan üçün isə Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsi Çindən çıxan və Avropada bitən Orta dəhliz layihəsinə nəzarət deməkdir. Belə çıxacaq ki, Kreml Rusiyaya alternativ olan nəqliyyat xəttinə nəzarət edəcək”.
Ekspert hesab edir ki, buna baxmayaraq, önəmli olan Zəngəzur dəhlizinin işə düşməsi və bunun bölgədə sülhə və əməkdaşlığa şərait yaratmasıdır. “Buna nail olmaq üçün Bakı və İrəvan Kremlin şərtini qəbul edə bilər. Müvafiq zaman keçdikdən sonra 40 kilometrlik dəhlizdən sərbəst keçidə və daşınmaya şərait yaradılması mövzusuna yenidən qayıtmaq olar. Rusiya İran və Türkiyə sərhədini tərk etməyə qərar veribsə, bir gün Zəngəzur dəhlizinə nəzarət funksiyasından da imtina edə bilər, sadəcə bunun qarşılığında istəkləri olacaq”, - o vurğulayıb.
Rasim
“AzPolitika.info”


Şərhlər
Cənab politoloq ,narahat olmayın ,vaxt gələcək ruslar da Qərblə anlaşacaq ,o zaman biz meydan da tək qalacaöıq .Təyinatlı deputatlar da Qərbə sanksiya tətbiq etmək fikrindədirlər ,acı gülüş doğurur .Paşik həm Qərblə ,həm də rusla münasibətləri düzəldəcək ,rus isə bizə ilk zərbəni vuracaq