Menu

Kurskda əsir düşən 9 ukraynalı hərbçi güllələndi – Rus ordusundan daha bir vəhşət

13.10.2024, 17:36
Kurskda əsir düşən 9 ukraynalı hərbçi güllələndi – Rus ordusundan daha bir vəhşət

Kursk vilayətində rus hərbçiləri təslim olan 9 ukraynalını güllələyiblər. “AzPolitika” xəbər verir ki, bu barədə Ukraynanın “Deepstate” araşdırma layihəsi məlumat yayıb.

Analitiklərin fikrincə, hadisə oktyabrın 10-da Zeleni Şlyax kəndi yaxınlığında baş verib. Layihə Ukrayna hərbçilərinin qətl yerindən çəkildiyi iddia edilən fotoşəkilləri də dərc edib.

Qeyd olunur ki, Ukrayna hərbçiləri düşməndən arxada olduqlarına inanırdılar və rus əsgərləri ilə qarşılaşacaqlarını gözləmirdilər. Ancaq onları atəşlə qarşıladılar. Ukraynalıların döyüş sursatı bitdikdən sonra onlar təslim olublar. Rus hərbçilər isə onları tərksilah edib, soyunmağı əmr edib və güllələyiblər. “Deepstate” tərəfindən yayımlanan şəkillərdə hərbçilərin alt paltarında uzanmış vəziyyətdə olduğu görünür.

Ukraynanın İnsan Haqları üzrə Müvəkkili Dmitri Lubinets Rusiya hərbçilərinin hərəkətlərini “Əsirlərlə rəftar haqqında” Cenevrə Konvensiyasının kobud şəkildə pozulması və Rusiyanı “bütün müharibə qaydalarını və adətlərini pozan terrorçu ölkə” adlandırıb. O, BMT-yə və Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edərək baş verənlərin araşdırılmasını və ona qiymət verilməsini xahiş edib.

Beynəlxalq humanitar hüquqa görə, əsir düşən və təslim olan əsgərlərin öldürülməsi müharibə cinayətidir. Rusiya tərəfi məhbusların edam edilməsi ilə bağlı xəbərləri şərh etməyib.

Ukraynalı hərbi əsirlərin öldürülməsi, işgəncə və pis rəftar halları barədə mütəmadi olaraq məlumat verilir. Oktyabrın 2-də Ukrayna Baş Prokurorluğu Donetsk vilayətində rus əsgərləri tərəfindən 16 ukraynalı məhbusun qətli ilə bağlı araşdırmaya başlayıb. Ümumilikdə, Ukrayna hüquq-mühafizə orqanları azı 93 ukraynalı hərbi əsirinin rus əsgərləri tərəfindən öldürülməsi ilə bağlı məlumatlara malikdir.

Rasim Əliyev

“Azpolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol