Menu

Çin Tayvan sahillərinə ordu yeridib – Böyük müharibəyə hazırlıq gedir

14.10.2024, 13:04
Çin Tayvan sahillərinə ordu yeridib – Böyük müharibəyə hazırlıq gedir

Çin ordusu oktyabrın 14-ü bazar ertəsi Tayvan adası ətrafında hərbi təlimlərə başlayıb və adadakı separatçı qüvvələrə sərt xəbərdarlıq göndərib.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, Tayvan Çinin manevrlərini təxribat adlandırıb və cavab olaraq müvafiq qüvvələri səfərbər etməyə başlayıb.

“Sinxua” agentliyinin məlumatına görə, Tayvan boğazında keçirilən “Birgə Qılınc 2024B” təlimində quru qoşunları, donanma, hərbi hava və raket qoşunları iştirak edir. Məlumata görə, Çin ordusu adaya şimal, cənub və şərqdən yaxınlaşaraq heterojen zərbə qüvvələrinin iştirakı ilə birgə hücum manevrləri həyata keçirəcək.

ÇXR Ordusunun Şərq Bölgəsi Döyüş Komandanlığının rəsmi nümayəndəsi Li Sinin deyib ki, Çin qoşunları əsas limanları və əraziləri bloklamaq və nəzarəti ələ keçirmək, dəniz və quru hədəflərini vurmağa diqqət yetirməyi planlaşdırır. Çinli komandir əlavə edib ki, təlimlər separatçı qüvvələr üçün güclü şok və heyrətə səbəb olacaq.

Tayvan Prezidenti Lai Qingde milli təhlükəsizlik məsələləri ilə bağlı təcili iclas çağırıb, həmçinin müvafiq strukturlara ÇXR-in hərəkətlərinə cavab verməyi tapşırıb.

Eyni zamanda, Sakit okeanda Çin və Rusiya donanmaları arasında birgə təlimlər davam edir. Rusiya Müdafiə Nazirliyinin oktyabrın 14-də verdiyi açıqlamada manevrlərdə iki ölkədən 6 gəminin iştirak etdiyi bildirilib. Gəmilər birgə sualtı qayıqlara qarşı əməliyyatları və hədəflərə atəş açılmasını məşq edib.

Çin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və adaya hərbi təzyiqləri artırır. May ayında Xalq Azadlıq Ordusu Tayvan boğazında və Çin sahillərində Tayvanın nəzarətində olan bir qrup ada ətrafında genişmiqyaslı hərbi təlimlər keçirib. Pekin rəsmiləri deyirlər ki, ada dövlətinin sərhədlərinə yaxın ərazilərdə ordu, donanma, hava və raket qoşunlarının iştirakı ilə keçirilən manevrlər “separatçı hərəkətlərə” cavabdır.

Tayvan özünü rəsmən Çin Respublikası adlandırır, çünki tarixən Çində kommunistlərin qələbəsindən və Çin Xalq Respublikasının elan edilməsindən sonra Tayvan hakimiyyəti özlərini bütün Çinin qanuni hökuməti elan edib. Bu həm də Tayvanın Çindən müstəqilliyini rəsmən elan etməməsi ilə bağlıdır. Tayvanın tərəfdaşları, o cümlədən ABŞ, “vahid Çin” siyasətinə sadiq olduqlarını bəyan edirlər. Eyni zamanda, onlar ÇXR-in güc tətbiqinin qəti əleyhinədirlər.

Tayvanın Müdafiə Nazirliyi və kəşfiyyat xidmətlərinin məlumatına görə, Pekin 2025-ci ildə Tayvana qarşı genişmiqyaslı hərbi təcavüzə başlamağı planlaşdırır. Bunu Tayvanın əvvəlki xarici işlər naziri Cozef Vu birbaşa bəyan edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol