Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova Ermənistan parlamentinin sədri Alen Simonyanla oktyabrın 14-də Cenevrədə baş tutmalı olan görüşdən imtina edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Simonyanın sözçüsü Movses Harutyunyan bildirib. "Ermənistan Milli Assambleyasının spikeri görüşün ləğvi səbəbləri ilə bağlı əlavə detalları İrəvana qayıdandan verəcək", –Harutyunyan öz “Facebook” səhifəsində yazıb.
Qafarova ilə Simonyan Parlamentlərarası İttifaqın Cenevrədəki sonuncu sessiyasının kuluarlarında görüş keçirməyi planlaşdırırdılar. Beynəlxalq təşkilatın sözçüsü bildirib ki, görüşdə regional sülh səyləri müzakirə olunacaq. Hər iki ölkənin spikerləri bu ilin mart və mayında Cenevrədə iki dəfə görüş keçirib. Ermənistan tərəfi mart görüşünü "konstruktiv" adlandırmışdı.
Sonuncu görüşün keçirilməməsi ikitərəfli sülh sazişi üzrə danışıqların dalana dirənməsi fonunda baş verir. Son həftələr rəsmi Bakı Ermənistanın iki tərəf arasında fikir ayrılıqlarına səbəb olan məsələlərin salınmadığı aralıq razılaşmasını imzalamaq təkliflərini rədd edib.
Simonyan bazar ertəsi Cenevrədə türkiyəli həmkarı Numan Kurtulmuşla görüş keçirib. Rəsmi Ankara son həftələr Ermənistanla birbaşa ünsiyyəti bərpa edib. Bununla belə, Ankara Türkiyə - Ermənistan münasibətlərinin normalaşmasını rəsmi Bakının dəstəklədiyi Azərbaycan – Ermənistan razılaşmasının həllinə bağlayır.
“AzPolitika.info”

Şərhlər