“İsrailin Qəzza və Livana hücumlarının arxasında duran ən mühüm səbəblərdən biri də zəngin enerji yataqlarına malik olan Aralıq dənizində yeganə güc olmaq arzusudur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, Türkiyənin əsas diqqətini İsrailin qurudan apardığı əməliyyatlara yönəltməsi, dənizdən gözlənilən əsas təhlükəni gözdən qaçırmasına səbəb ola bilər”.
“AzPolitika” xəbər verir ki, bu barədə Türkiyənin “Türkiye Gazetesi”ndə yayımlanan “İsrailin əsas işğal planı – Məqsəd Aralıq dənizində əsas gücə çevrilməkdir” başlıqlq məqalədə bildirilir.
Məqalənin tərcüməsini oxuculara təqdim edirik:
“Qəzza zolağından sonra İsrailin işğalı və genişlənməsi Livana qədər uzansa da, strateqlər quruda baş verənlər qədər dənizdə artan təhlükənin də Türkiyə üçün əhəmiyyətinə diqqət çəkirlər. Mövzu ilə bağlı professor Beril Tuğrul bildirib ki, Qəzza vəhşiliyi və Livan hücumlarının arxasında duran ən mühüm səbəblər arasında İsrailin Aralıq dənizində yeganə güc olmaq arzusu dayanır. “Arzımevut” iddiasının yüz illər sonra yenidən gündəmə gəlməsinin təsadüfi bir vəziyyət olmadığını xatırladan professor qeyd edir ki, bu xəritənin bir ucu Nil deltasından başlayır və zəngin enerji yataqları boyunca İraqa qədər uzanır:“Biz daha çox hadisələrin quru tərəfinə diqqət yetirdik. Yalnız İsrailin qurudan işğallarına diqqət yetirsək, dənizdə bizi gözləyən təhlükəni gözdən qaçırmış olarıq. İsrail dənizdən Türkiyəyə təhlükə yaradır və bu təhlükə günü-gündən artır. Aralıq dənizində bu vəziyyət davam edərsə, yeni münaqişə zonalarının yaranması qaçılmazdır. Kiprdəki yunanları, Egeydəki Yunanıstanı da götürüb dənizdən bizi daha böyük miqyasda narahat edəcəklər. Mavi Vətən doktrinası bu baxımdan vacibdir və biz hamımız bu fəlakəti görməliyik".

Baş verənlərdə İsraillə yanaşı, qlobal aktorların hesablamalarının da təsirli olduğunu qeyd edən B. Tuğrul sözügedən məsələ ilə bağlı bir sıra nüansların izlədildiyini bildirib.
Beynəlxalq münasibətlər ekspertlərinin fikrincə, İsrail tətiyi çəkib və region geri dönməz bir yola qədəm qoyub. Süveyş kanalı və Hörmüz boğazı da daxil olmaqla qlobal ticarət və iqtisadi dəhlizlərin bu yeni vəziyyətdən təsirlənməsi qaçılmazdır.
Hacı Bayram Vəli Universitetinin professoru Göktuğ Şahin, baş verənlərin “Böyük İsrail” Layihəsinin bir sui-qəsd nəzəriyyəsi olmadığını dünyaya açıq şəkildə göstərdiyini ifadə edərək, fikirlərinə bu cür davam edib: “İndi hamı yeni mövqelər tutur. Aralıq dənizi mərkəzli İsrail ambisiyalarını da düzgün qiymətləndirməliyik. İsrailin işğalçılıq ambisiyaları indi sui-qəsd nəzəriyyəsi olmaqdan çıxıb. Biz Colan, İdlib, Hələb və Latakiyaya diqqət yetirdik, lakin sionist ekspansionizm dənizdə də təhlükələr yaradır. İsrail bir tərəfdən Aralıq dənizinin bütün zəngin enerji yataqlarını qəsb edərkən, digər tərəfdən də Samandağdan qonşumuza çevrilmək yolundadır. Çünki bu ölkənin quru və dəniz sərhədləri yoxdur və onlar heç bir qayda və qanun tanımırlar. Eyni təhlükə Kiprə də aiddir. Təhdidi yalnız quru əsaslı olaraq görməməliyik. BMT-nin mənzil-qərargahını vurmuş, hətta müxtəlif ölkələrin ticarət və siyasi mərkəzlərini bombalamış itaətsiz strukturla üz-üzəyik. Bu çərçivədə bütün proqnozları və ölçüləri nəzərə alaraq dənizi ehtiva edən konsepsiyalar hazırlamalıyıq”.
“AzPolitika.info”


Şərhlər