Belarus Prezidenti Aleksandr Lukaşenko korrupsiya və rüşvətin kökünü kəsməyə çalışdığını dəfələrlə elan etsə də, ölkədə hələ də köklü korrupsiya olan sahələr var.
“AzPolitika” xəbər verir ki, Belarus Baş Prokurorluğu ölkədə korrupsiyanın ən çox yayıldığı 5 sahənin adını açıqlayıb. Məlumatı Baş Prokurorluğun Korrupsiya və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş prokuroru Artyom İqnatenko verib.
O qeyd edib ki, sənaye, kənd təsərrüfatı, ticarət, tikinti və dövlət idarəçiliyi korrupsiyaya ən çox məruz qalan sektorlardır. Baş Prokurorluğun nümayəndəsi əlavə edib ki, bu gün ölkədə demək olar, hər ikinci korrupsiya cinayəti rüşvətxorluqla bağlıdır. Rüşvətxorluq hallarının 70%-dən çoxu satınalma fəaliyyətində, müqavilələrin icrasında və kommersiya strukturlarına məmurlar tərəfindən digər himayədarlıqların edilməsində aşkar olunub. O, həmçinin xatırladıb ki, 2023-cü ildə ölkədə nəqliyyat, bank sektoru, sənaye, dövlət və kənd təsərrüfatı sahələrində məsul vəzifələrdə çalışan cəmi 27 məmurun qanunsuz fəaliyyəti dayandırılıb.
Göründüyü kimi, korrupsiya keçmiş SSRİ respublikalarının ortaq problemi olaraq qalır və biznes sahələrinin məmurlar tərəfindən ələ keçirilməsi, himayə edilməsi Azərbaycan kimi, Belarusda da geniş yayılıb.
“AzPolitika.info”


Şərhlər