Rusiya Bakıda keçiriləcək COP29 tədbirində baş nazir səviyyəsində təmsil olunacaq. “AzPolitika” xəbər verir ki, bu barədə “BBC” öz mənbələrinə istinadla məlumat yayıb.

Mənbə iddia edib ki, Vladimir Putin də digər ölkə liderləri kimi tədbirə dəvət alsa da, ona qatılmayacaq.

Mənbə bildirib ki, bu, BMT-nin tədbiridir və təşkilatçılar (indiki halda Azərbaycan hökuməti) dəvət göndərərkən ayrı-seçkilik etmirlər.

Qeyd edək ki, Ukraynadakı işğalçılıq müharibəsi başlayandan bəri Putinin istənilən ölkəyə səfəri toksik xarakter daşıyır və belə ölkələrə qarşı xüsusilə də Qərbdə geniş kampaniya aparılır. Bunu Putin özü də etiraf edir. Belə ki, o Braziliyada keçiriləcək “G-20” sammitinə də getməyəcək.

O qeyd edib ki, bu qərar sammitin işini pozmamaq üçün qəbul edilib: “Biz Rusiya ətrafında baş verənləri başa düşürük. Braziliya prezidenti ilə əla dostluq münasibətlərim var. Ona görə də, bu forumun normal fəaliyyətini pozmaq istəmirəm. Çünki biz faktiki olaraq “G-20″nin işini pozacağıq. Bu, heç kimə lazım deyil”.

Qeyd edək ki, Rusiya Bakıda keçiriləcək COP29 tədbirində hansı səviyyədə iştirak edəcəyi ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Bir müddət əvvəl Rusiya prezidentinin köməkçisi - prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelqeriyev COP29-da ya Vladimir Putinin, ya da Baş nazir Mixail Mişustinin iştirak edə biləcəyini açıqlayıb.

“AzPolitika.info”