“Ermənistan parlamentinin sədri Alen Simonyanın “Azərbaycan BMT-nin qətnamələri əsasında Qarabağda əməliyyat keçirib və dünya bu müharibəyə bizim istədiyimiz kimi reaksiya vermədi” cümləsi qədər eyni müsahibədə Rusiyaya atmacaları da diqqətçəkicidir”.
“AzPolitika” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu erməni spiker Alen Simonyanın bəyanatını şərh edərəkən deyib.
“Simonyan bildirib ki, Ermənistan və Azərbaycana düşmən olan ölkələr sülh danışıqlarının dalana dirənməsini istəyirlər. Aydındır ki, Simonyan bunu deyərkən, nə ABŞ, nə Fransa, nə də ki, İranı nəzərdə tutub. Ermənistanın bu 3 ölkə ilə sıx tərəfdaşlıq münasibətləri var”, - o əlavə edib.
Ekspert hesab edir ki, Ermənistan parlamentinin sədri Rusiyaya eyham vurub: “Simonyanın 3+3 platformasıyla bağlı səsləndirdiyi fikirdə də Rusiyaya eyham var: “Mən, açıq desəm, nə üçün mövcud olmuş və ya mövcud olandan başqa formata ehtiyacımız olduğunu başa düşmürəm”. Yəni Simonyan demək istəyib ki, Rusiyanın iştirak etdiyi format Ermənistanın maraqlarına cavab vermir. Buna baxmayaraq, İrəvan istəsə belə Tbilisi kimi bu formatdan imtina etməyəcək. Çünki bu İrəvanın açıq-aşkar qonşu dövlətlər olan Rusiya, Türkiyə və İranın Cənubi Qafqazda təhlükəsizlik sistemində yer almasının əleyhinə mövqe kimi qiymətləndiriləcək. İrəvan belə riskə getməyəcək”.
“AzPolitika.info”


Şərhlər