Rusiyanın Cənubi Koreyadakı səfiri Georgi Zinovyev Xarici İşlər Nazirliyinə çağırılıb.
“AzPolitika” “Yonhap” agentliyinə istinadla xəbər verir ki, nazirlikdə diplomatdan Şimali Koreya qoşunlarının Ukraynadakı cəbhəyə göndərilməsi barədə izahat tələb olunub.
Zinovyevlə söhbəti xarici işlər nazirinin birinci müavini Kim Honq Kyun aparıb. Zinovyev görüşü təsdiqləyib, lakin təfərrüatları açıqlamaqdan imtina edib.
Rusiyanın Cənubi Koreyadakı səfirliyinin mətbuat xidmətinin məlumatına görə, səfir nazir müavinin mövqeyini dinləyib və əmin edib ki, Moskva ilə Pxenyan arasında əməkdaşlıq Seulun təhlükəsizlik maraqlarına qarşı yönəlməyib. Eyni zamanda, o, Rusiya və Cənubi Koreyanın “Koreya yarımadasında gərginliyin artmasına səbəb olan məsələdə əks mövqeyə malik olduğunu” da açıqlayıb.
Oktyabrın 18-də Cənubi Koreya Milli Kəşfiyyat Xidməti Ukrayna ilə müharibədə ona dəstək olmaq üçün Rusiyaya 12 min Şimali Koreya əsgərinin göndərildiyini elan edib. Cənubi Koreya Prezidenti Yoon Seok-yeol təhlükəsizlik qurumlarının təcili toplantısını keçirib. O, qoşunların yerləşdirilməsini ölkəsi və beynəlxalq ictimaiyyət üçün təhlükəsizliyə ciddi təhdid adlandırıb.
Bundan əvvəl Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov bildirib ki, 11 minə yaxın Şimali Koreya əsgəri artıq Rusiyanın şərqində təlim keçir. Onun sözlərinə görə, birinci bölmə Kursk vilayətinə göndərilməyə hazırlaşır. Ukrayna Prezidenti Volodimir Zelenski də KXDR-dən olan hərbçilərin Rusiya ordusuna yardımda iştirak etdiyini açıqlayıb.
“The Washington Post” yazır ki, bir neçə min Şimali Koreya əsgəri Rusiya ilə birgə döyüşmək üçün təlim keçir. “The Guardian” yazıb ki, KXDR ordusu artıq ruslara KN-23 raketlərinə nəzarət etməkdə kömək edir.
Rusiya və Şimali Koreya qoşunların Ukraynadakı müharibədə iştirak etməyə hazırlaşması ilə bağlı yayılan xəbərləri təkzib edir. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Şimali Koreya qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı xəbərlər feykdir.
“AzPolitika.info”


Şərhlər